Səudiyyədə ilk ABŞ istehsalı THAAD sistemi yerləşdirilib

Bölmə: Dünya › ,
Tarix: 22:15 03.07.2025

 

Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan Regional Yüksək İrtifa Hava Hücumundan Müdafiə Sistemi (THAAD) quraşdırılıb.

Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, zəruri sınaq və yoxlamaların aparılmasından, eləcə də ölkə üzrə şəxsi heyətə sahə təlimlərinin keçirilməsindən sonra THAAD sistemi istifadəyə verilib.

Səudiyyə Ərəbistanında ilk dəfə qurulan THAAD hava hücumundan müdafiə sistemi münasibətilə Ciddə şəhərində yerləşən Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda təntənəli mərasim təşkil olunub.

Tədbirdə Hava Qüvvələri Komandanı Məcid bin Süleyman əl-Amr iştirak edib.
Əl-Amr, THAAD sisteminə nəzarət edəcək birliyin komandirinə həmin birliyin bayrağını təqdim edib.

Qeyd olunub ki, ABŞ istehsalı olan THAAD ballistik raket sistemi, Səudiyyə Ərəbistanı ordusunun hazırlıq səviyyəsinin, hava məkanının və həyati əhəmiyyətli obyektlərin müdafiə qabiliyyətinin artırılması məqsədi daşıyan bir müdafiə layihəsi çərçivəsində həyata keçirilib.

ABŞ Quru Qoşunlarına məxsus ballistik raketdən müdafiə sistemi olan Regional Yüksək İrtifa Hava Hücumundan Müdafiə Sisteminin (THAAD) Lockheed Martin şirkəti tərəfindən qısa və orta mənzilli təhlükələrə qarşı inkişaf etdirildiyi bildirilib.

TRT XƏBƏR
Lalə Qurbanlı