Ukraynaya silah yardımı dayandırılır?

Tarix: 22:13 03.07.2025
“Ukrayna rəhbərliyi və ABŞ arasında Kiyevin silahlarla təchizatı məsələsinin bütün detallar dəqiqləşdirilir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
“İndi Ukrayna və ABŞ arasında hava hücumundan müdafiə komponenti də daxil olmaqla müdafiə dəstəyinin tədarükü ilə bağlı bütün detallar dəqiqləşdirilir. Əks halda biz xalqımızın müdafiəsini təmin etməliyik”, - deyə o qeyd edib.
Zelenskinin sözlərinə görə, tərəflər xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükünü müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Ukraynaya silah yardımının dayandırmasına dair konkret bir dəqiq məlumat yoxdur:
“Bu istiqamətdə danışıqların getdiyi və yaxud informasiyanın olması realdır. Hələki qərar olaraq dəqiqləşməyib. Çünki ABŞ-nin indiki məqamda Ukraynanı tək qoyması faktiki olaraq Rusiyanı gücləndirəcək. Bu Amerika üçün müsbət dividendlər gətirməyəcək. ABŞ Ukrayna müharibəsinə kifayət qədər pul xərcləyib. Müharibəni öz maraqları çərçivəsində qazanclı şəkildə bitirmək istəyir. Ukraynaya silahların verilməsinin dayandırılması faktiki olaraq Rusiyanın işğalını artıra bilər. Düzdür, Amerikanın bunu niyə etmək istədiyi açıqdır. Rusiya ilə danışıqlara getmək istəyir. Danışıqlarda da Rusiya tərəfinin gücü daha çox olacaqdır. Bu belə Amerikanın maraqları çərçivəsində olmalıdır. Amerika öz planlarından kənara çıxılmasını istəmir. Ukrayna da əz azından müvəqqəti torpaq itkisi hesabına sülhə razı salmağa çalışır. Görünür, Kiyev buna razı deyil. Amerika buna görə silah tədarükünün dayandırılmasına dair yumşaq təzyiqdən istifadə edir. Bu qərar Ukraynanın müdafiə qabiliyyətinə təsir edəcək. Düzdür, Ukraynaya silah yardımı edən tək Amerika deyil. Burada Fransa və digər ölkələr də var. Böyük ehtimal onlarda gələcək silah yardımları ilə müdafiə məsələsi müəyyən mənada həllini tapa biləcək. Amma hər halda Amerikanın potensial müdafiə sistemləri və silahları ilə eyni səviyyədə deyil. Bütün hallarda Ukrayna üçün arzuolunan bir ssenari deyil. Müharibənin gedişatında da Kiyevə qan itkisinə gətirib çıxaracaq. Bu Rusiyanı gücləndirəcək məsələlərdəndir”.
Politoloq qeyd edib ki, Ukrayna ilə Amerika arasında hərbi yardım davam edəcək və artacaqdır:
“Ola bilər ki, bu sülh imzalanana qədər müəyyən mənada dayansın. Bu daha çox Amerikanın Ukraynanı müəyyən mənada sülhə gətirmək istiqamətində atdığı addımdır. Amma Amerikanın planını başa düşmək olur. Rəsmi Vaşinqton mövcud şərtlər daxilində bir atəşkəsin olmasını istəyir. Bu atəşkəs fonunda da Putin sonrası dövr üçün Ukrayna ordusunu hazırlayacaqdır. Bu konkret işğalla barışmaq deyil. Mövcud şərtlər daxilində güzəşt siyasətidir. Amerikanın istədiyi budur. Tramp faktiki olaraq öz dövründə və sonrasında münaqişənin taleyini gələcəyə buraxmaq istəyir. Bunu Azərbaycan- Ermənistan münaqişə ilə xarakterizə etmək olar. Vaxtilə Azərbaycan da atəşkəs sazişi imzaladı. Bu iyirmi il ərzində ordumuzu inkişaf etdirdik və müharibəyə hazırlaşdıq. Geosiyasi vəziyyət bizi müharibəyə gətirib çatdırdı.Torpaqlarımızı işğaldan azad etdik. Ukrayna üçün düşünülən ssenari budur. Gələcəkdə Ukraynanın Rusiyanın ən zəif anında müharibə başlamasını istəyirlər. Buna qədər də silah tədarükü, ordunun yetişdirilməsi, inkişaf etdirilməsi kimi məsələlər Amerika və Ukrayna arasında davam edəcək”.
Nuray Əliyeva