Azərbaycan külək enerjisində güclənir-“ACWA Power” investisiyası açıqlanıb

Tarix: 22:29 03.07.2025
Bu ilin 31 mart tarixinə olan məlumata əsasən, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Xızı-Abşeron Külək Elektrik Stansiyasının (KES) tikintisinə yatırdığı investisiyaların məbləği 1,073 milyard Səudiyyə riyalı (486,374 milyon manat) təşkil edib.
“ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven bildirib ki, 2025-ci ilin avqust ayında “Xızı-Abşeron” KES-də mərhələli şəkildə enerji istehsalına başlanması planlaşdırılır. Layihənin tam istismara verilməsi isə 2025-ci ilin IV rübündə nəzərdə tutulur.
Bu məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Ramiz Kəlbiyev “İnformator.az”a açıqlamasında bildirib ki, layihə iş yerlərinin yaradılmasına və Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək:
“Azərbaycanda günəş və külək enerjisi ən yüksək potensiala malik olan bərpa olunan enerji mənbələridir. Bu sahədə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti böyük bir layihəyə imza atıb. Dünyada bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi ilə tanınan bu şirkətin ölkəmizdə belə bir layihəni reallaşdırması bərpa olunan enerji sektorunda yeni enerji infrastrukturunun formalaşmasına, iş yerlərinin yaradılmasına və Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd etmək lazımdır ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində böyük külək enerjisi potensialı mövcuddur. Böyük ehtimalla “ACWA Power” şirkəti gələcəkdə Xəzər dənizinin bu hissəsində həyata keçiriləcək layihələrdə də yaxından iştirak edəcək".
Xədicə Məhərrəmli