İlham Əliyev Mirziyoyevi qarşılayıb

Tarix: 19:52 02.07.2025
Bu gün Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, bir heçə ay əvvəl də hər iki Prezident arasında aparılan telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub:
"Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıb. Regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub. Hazırda isə Özbəkistan Respublikasının Prezidenti ölkəmizdə səfərdədir. Təbii ki, qeyd olunan bu mövzularda geniş müzakirələr aparılacaq və hər iki ölkənin müxtəlif sahələrdə daha da yaxından əlaqələrinin inkişafı üçün görüləcək işlər ön planda olacaq. Əsasən iqtisadi sahədə, eyni zamanda turizm sahəsində də əlaqələrin inkişafı önəmlidir. Azərbaycanın Özbəkistan ilə əlaqələri nəinki Çin və Rusiya kimi ölkələrin, heç bir dövlətin maraqlarına zidd deyil. Əksinə dövlətlərimiz arasında qurulan münasibətlərdən, sıx əlaqələrdən, iqtisadi əlaqələrdən digərləri də bəhrələnə bilər. Sülh və təhlükəsizliyin təmin olunması, regionda sabitlik, inkişaf ölkəmiz üçün əsas prioritet təşkil edən mövzulardır. Təbii ki, dövlətlərimizin sıx münasibətləri bir çoxlarını narahat edə bilər. Lakin bu narahatlığın heç bir əsası yoxdur".
Həmçinin politoloq eyni soy, kök, ortaq mədəni, dini dəyərlərin daşıyıcıları olaraq Özbəkistan və Azərbaycan arasında min illərə dayanan vəhdət olduğunu qeyd edib:
"Bunu hazırda müasir tələblərə uyğun olaraq digər sahələrdə də inkişaf etdirməliyik. Türk birliyi, Türk xalqları arasında mədəni, tarixi əlaqələr artıq zamanın tələbinə görə başqa sahələrdə də inkişaf etməlidir. Ölkələrimizin sülh və sabitlik içərisində təhlükəsizlik şəraitində yaşayıb inkişaf etməsi üçün qarşılıqlı əlaqələr, sıx münasibətlər zəruridir. Azərbaycanın dövlət siyasəti sülh, sabitlik, dostluq və inkişafa yönəlib. İşğaldakı torpaqlarımızı azad etdikdən sonra Azərbaycanın nüfuzu daha da artıb və bir çox dövlətlər ölkəmizlə əməkdaşlığa can atırlar. Regionda güc sahibi, söz sahibi olan Azərbaycan artıq Orta Asiya ölkələrinin də diqqətindədir. Mümkün olan bütün sahələrdə qarşılıqlı əlaqələrin qurulması, yeni perspektivlər müzakirə olunmalı və birliyimizin daha da möhkəmlənməsi üçün yeni addımlar atılmalıdır. Bu və digər mövzular barədə dost, qardaş Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində müzakirə olunması labüddür".
Fatimə Heydərova