Rusiyanın miqrant şantajı

Tarix: 19:55 02.07.2025
Rusiyada Mərkəzi Asiya ölkələrinin vətəndaşları, ən ağır işlərdə çalışan miqrantlar da aşağılanır, restoranlarına və satış mərkəzlərinə polis hücumları təşkil edilir, onlara işgəncələr verilir.
Mövzu ilə bağlı “İnfotmator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Rusiyada miqrantlara qarşı son aylarda intensivləşən təzyiqlər, xüsusilə Mərkəzi Asiya ölkələrindən olan milyonlarla insanın alçaldılması, və zaman-zaman zorakılıqlara məruz qalması artıq təkcə sosial məsələ deyil, ciddi geosiyasi müstəviyə keçib:
“Polis reydləri, satış mərkəzlərinə və restoranlara hücumlar, hüquqi əsas olmadan kütləvi deportasiyalar, rüsvayedici ifadələrlə müşayiət olunan rəsmi ritorika – bütün bunlar Rusiyanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində real tərəfdaşlıq prinsiplərindən uzaq olduğunu bir daha ortaya qoyur. Mərkəzi Asiya ölkələrinin bir çoxu Rusiya ilə həm siyasi, həm iqtisadi inteqrasiyaya daxil olublar. Məsələn, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi birliklər çərçivəsində nominal müttəfiqdilər. Lakin reallıqda bu əməkdaşlıqda bərabərlik deyil, tabeçilik münasibəti hökm sürür. Rusiya bu ölkələrin vətəndaşlarını “işçi qüvvəsi” və “təzyiq aləti” kimi görür və siyasi mesajlarını tez-tez miqrasiya kanalları üzərindən verir. Bu isə həm ölkələrin ictimai rəyində, həm də hakim elitalarında Moskvanın hegemon mövqeyinə qarşı getdikcə artan narahatlıq və narazılıq doğurur. Bütün bunlar fonunda aydın görünür ki, Rusiya postsovet məkanında itirdiyi təsiri zor gücü və alçaltma siyasəti ilə bərpa etməyə çalışır. Lakin bu, nəticə etibarilə əks effekt verir. Mərkəzi Asiya ölkələri indi daha çox balanslı siyasət yürütməyə, Çinə, Türkiyəyə və Qərbə tərəf açılmağa meyllidirlər. Rusiya ilə eyni ittifaqlarda qalmaq isə getdikcə onların müstəqilliyi və milli suverenliyi ilə ziddiyyət təşkil etməyə başlayır. Əgər Moskva bu kursu davam etdirərsə, yaxın illərdə bu ölkələrdən bir neçəsinin həm siyasi, həm iqtisadi inteqrasiya birliklərindən çıxması real perspektiv ola bilər”.
Aysel Mirzəyeva