Dünya birjaları 21–23 oktyabrda İstanbulda bir araya gələcək

Tarix: 21:24 02.07.2025
Borsa İstanbul 64-cü Dünya Birjalar Federasiyasının (World Federation of Exchanges - WFE) Baş Assambleyası və İllik Toplantısına 21–23 oktyabr tarixlərində İstanbulda ev sahibliyi edəcək.
Borsa İstanbul tərəfindən verilən açıqlamada, qlobal kapital bazarlarının aparıcı iştirakçılarını bir araya gətirən bu mühüm tədbirin, sektorun gələcəyini formalaşdıran strateji mövzuların müzakirə edildiyi və əməkdaşlıqların inkişaf etdirildiyi nüfuzlu və əhəmiyyətli bir platforma kimi ön plana çıxdığı qeyd olunub.
Hər il dünya üzrə 90-a yaxın ölkədən təxminən 250 yüksək səviyyəli nümayəndənin iştirakı ilə keçirilən proqramın bu il də kapital bazarlarının inkişafı və sektorun qarşılaşdığı problemlər qarşısında irəli sürülən həll yollarının müzakirə ediləcəyi önəmli bir görüş nöqtəsi olacağı bildirilib. Açıqlamada həmçinin qeyd olunub: “Beləliklə, dünya birjaları və klirinq təşkilatlarının yüksək vəzifəli rəhbərlərinin iştirak edəcəyi tədbirdə qlobal hadisələr və sektorun prioritet mövzu başlıqları müzakirə olunacaq”.
Açıqlamada vurğulanıb ki, Borsa İstanbul 1992-ci ildən etibarən WFE-nin (Dünya Birjalar Federasiyası) fəal üzvü olaraq sektorun prioritetlərini qlobal səviyyədə yaxından izləyir və bu sahənin inkişafına töhfə verir.
İstanbul Maliyyə Mərkəzinin dünya birja liderlərinə tanıdılmasına da töhfə verməsi gözlənilən tədbirlər çərçivəsində WFE Baş Assambleyası və İllik Toplantısına əlavə olaraq, WFE İşçi Komitəsinin Toplantısı və WFE İdarə Heyəti Toplantılarının da Borsa İstanbulun ev sahibliyi ilə keçiriləcəyi qeyd olunub.
Açıqlamada əlavə olunub: “Borsa İstanbul son illərdə göstərdiyi beynəlxalq uğurlar və qlobal kapital bazarlarında fəal rolu ilə diqqət çəkir. Borsa İstanbul, WFE-nin 2021 və 2024-cü illərdə keçirilən Baş Assambleyalarında Avropa, Yaxın Şərq və Afrika bölgəsini təmsil edərək, üzvlərin böyük əksəriyyətinin dəstəyi ilə iki dövr ərzində, hər biri üç il olmaqla WFE İdarə Heyətinə üzv seçilib”.
TRT XƏBƏR
Lalə Qurbanlı