Ukrayna Azərbaycana dəstəyini ifadə edib

Tarix: 21:09 02.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında həm Səfərov qardaşlarının qətlə yetirilməsi ilə bağlı başsağlığı bildirib, həm də Rusiyanın təxribatçı addımlarına qarşı Ukraynanın Azərbaycana birmənalı dəstəyini ifadə edib. Prezidentlər, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu telefon danışığı regional sabitlik və ikitərəfli münasibətlər baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a bildirib ki, Rusiya–Ukrayna və Azərbaycan–Rusiya münasibətlərinin həm oxşar, həm də fərqli cəhətləri var:
“Oxşar cəhət ondan ibarətdir ki, həm Azərbaycan, həm də Ukrayna Rusiya aqressiyasından öz payını alıblar. Uzun illərdir ki, hər iki ölkə Rusiya təzyiqlərinin və müdaxiləsinin qurbanına çevrilib.
Lakin bu günkü Azərbaycan əvvəlki Azərbaycan deyil. Rusiyada düşünürlər ki, Azərbaycana əvvəlki kimi təzyiq göstərə bilərlər, lakin bu mümkün deyil. Hazırda ölkədə mərkəzi hakimiyyət kifayət qədər güclüdür, buna görə də ‘beşinci kolon’dan istifadə etmək mümkün olmur. Belə qruplar olsa da, onlar zərərsizləşdiriliblər.
Digər tərəfdən, Ermənistanda da artıq Rusiyanın daxili işlərə müdaxilə imkanlarının zəiflədiyi qeyd olunur. Bu isə Azərbaycana Rusiya ilə müstəqil siyasət yürüdən bərabərhüquqlu tərəf kimi davranmaq imkanı verir. Lakin Rusiya tərəfindən mülki azərbaycanlılara təzyiq göstərilməsi, onların terrorçu kimi saxlanılması, döyülməsi və öldürülməsi nə Azərbaycanın üslubuna, nə də qəbul etdiyi beynəlxalq hüquq prinsiplərinə uyğundur. Azərbaycan bu yanaşmanı qətiyyən qəbul edə bilməz.
Heç bir güc — nə Rusiya, nə də başqa bir dövlət — Azərbaycana bu şəkildə yanaşaraq onu nəyəsə vadar edə bilməz. Rusiyanın artıq Azərbaycana təsir imkanları xeyli zəifləyib. Azərbaycan Rusiya ilə birbaşa müharibə vəziyyətində olmasa da, Ukrayna bu münaqişənin aktiv iştirakçısıdır.
Rusiya ekspert dairələri Ukrayna Prezidentinin Azərbaycan Prezidentinə zəngini təxribat xarakterli və tələsik bir addım kimi dəyərləndirirlər. Guya Zelenski vəziyyəti gərginləşdirmək istəyir. Bu, tamamilə əsassız və gülünc ittihamdır. Sanki Zelenski belə bir göstəriş veribmiş kimi: mülki azərbaycanlıları həbs edin, işgəncə verin, öldürün. Əgər saxlanılan şəxslər cinayətkardırsa, illər öncə baş verən hadisələrlə bağlı niyə vaxtında tədbir görülməyib?
Əgər dövlət hansısa terrorçu qrupların dövlət strukturlarında formalaşmasına şərait yaradırsa, nəticədə belə hadisələrin baş verməsi qaçılmaz olur".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:
“Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan və Avropa ilə münasibətləri kəskin şəkildə gərginləşdirdikdən sonra Azərbaycan əsas alternativ enerji təminatçısı rolunu üzərinə götürdü. Azərbaycan bu roldan heç vaxt təzyiq vasitəsi kimi istifadə etmədi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məqsəd Avropanın enerji təhlükəsizliyinə səmimi şəkildə töhfə verməkdir. Bu siyasət sonadək davam etdirildi.
Bu yanaşma Ukraynaya da şamil olundu. Müharibənin ilk günlərindən etibarən Rusiyanın dağıtdığı mülki infrastruktur səbəbilə Ukraynada təcili yardım maşınlarına ciddi ehtiyac yarandı. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmin maşınları pulsuz yanacaqla təmin etdi. Bu, Azərbaycanın Ukraynaya jesti idi. Bundan əlavə, enerji stansiyalarının bərpasında da Azərbaycan ciddi dəstək göstərdi və Ukraynanın enerji böhranının aradan qaldırılmasında mühüm rol oynadı".
Eyni zamanda siyasi şərhçi bildirib ki, Zelenskinin ədalət çağırışı fonunda həm Ukrayna, həm də Azərbaycan bu gün Avropada nüfuzlu ölkələrə çevrilib:
“Ukrayna Rusiyaya qarşı döyüşür və faktiki olaraq bütün Avropa adından mübarizə aparır. Bu səbəbdən Qərb onun arxasında dayanır. Azərbaycan isə Cənubi Qafqazda Rusiyanın imperiya ambisiyalarını açıq şəkildə rədd edir. Prezident birbaşa döyüşmür, lakin diplomatik səviyyədə Rusiyanın planlarına qarşı çıxır və Avropa ilə münasibətləri davamlı olaraq möhkəmləndirir. Bu da həmrəyliyin fərqli, lakin güclü bir formasıdır.
Zelenski döyüş cəbhəsində, Azərbaycan isə siyasi və diplomatik cəbhədə Rusiyaya qarşı dayanır. Bu birliyin formalaşması Rusiyanın maraqlarına uyğun deyil. Azərbaycan–Rusiya münasibətlərində yaranan gərginliyin əsas zərərlisi Rusiya olacaq, Azərbaycan yox.
Əsas məsələ ondan ibarətdir ki, Rusiya artıq başa düşür: Azərbaycana hədə-qorxu, güc nümayişi və təzyiqlərlə təsir göstərmək mümkün deyil. Çox güman ki, yaxın zamanda bu davranışların nə qədər ciddi bir yanlış olduğunu anlayacaq və bunun da cavabını alacaq".
Nigar Həsənzadə