Yekaterinburq mesajı-Rusiyanın sivil Qafqaz oyunu

Bölmə: Siyasət › ,
Tarix: 15:51 03.07.2025

 

 

Moskva heç vaxt qonşularının həqiqi müstəqilliyini qəbul etməyib və qəbul etməyə də hazır deyil. Bu gün Ukraynada qan tökən Kreml, sabah Qafqazda xaos toxumu səpmək üçün fürsət axtarır.

 

Kremlin Yekaterinburqda baş verən qanlı hadisələrlə verdiyi mesaj da məhz budur:“Müstəqil olsan, biz sənə belə cavab verərik”.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrlərdə Rusiyanın tarixən formalaşmış aqressiv siyasəti daha radikal hal almağa başlayıb:

 

“Ukraynaya müdaxiləni buna misal gətirə bilərik. Rusiya Ukraynada hələ öz məqsədlərinə çatmamışkən vaxtaşırı Qazaxıstana, Azərbaycana, Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıb. Bunu ya deputatların, ya rəsmi şəxslərin, ya da özünü müstəqil elan edən, əslində isə hakimiyyətin tabeliyində olan ekspertlərin dili ilə həyata keçirir.Bu, Rusiyanın hələ də imperiya təfəkküründən çıxmamasının göstəricisidir. Putin hakimiyyəti yeni bir imperial dövlət qurmaq istəyir. Hazırda mövcud olan “imperiya sərhədlərini” daha da genişləndirməyə çalışırlar və sərhədləri böyütmək mümkün olmasa belə, digər dövlətləri Moskvadan idarə olunan vəziyyətə salmağa, onların müstəqilliyini formal bir hala gətirməyə cəhd edirlər”.

 

Azərbaycan niyə bu nöqtədə hədəfdir?

 

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif iqtidarların dönəmində fərqli addımlar atıb və hamısı Azərbaycanın tam müstəqil xarici siyasət yürütməsinə xidmət edib. Məsələn, Rusiya ordusunun bir qərarla Azərbaycandan çıxarılması, Azərbaycanın enerji resurslarının Rusiya üzərindən deyil, Bakı-Tbilisi-Ceyhan marşrutu ilə alternativ yollarla Avropaya daşınması, sonrakı illərdə Azərbaycanın həm Uzaq və Yaxın Şərqlə, həm də Avropa dövlətləri ilə bərabərhüquqlu və müstəqil xarici siyasət yürütməsi-bütün bunlar Rusiyanın regionda əsas təsir amili olan Qarabağ probleminin həllindən sonra daha da aydın görünməyə başlayıb. Rusiya anlayır ki, Azərbaycanı durdurmaq lazımdır.

 

Azərbaycan sürətlə dünya siyasətinə qoşulur və Rusiyanın dostları olan Çin, İran, digər Şərq dövlətləri ilə də əlaqələr qurur. Rusiya görür ki, Azərbaycan onun həm dostları, həm də rəqibləri ilə bərabərhüquqlu siyasət aparır. Bu siyasət elə bir xətt üzərində qurulub ki, Azərbaycan heç kimlə düşmən olmur, hətta qarşı-qarşıya duran tərəflərlə belə balanslı əlaqələri qoruyur.

 

Məsələn, İsrail və İran bir-birinə düşməndir, amma Azərbaycan tərəf seçmir və hər ikisi ilə əməkdaşlığı davam etdirə bilir. Eyni zamanda Azərbaycan Türkiyə ilə müttəfiqdir, amma son illərə qədər Rusiya ilə də tərəfdaş münasibətlərini qoruyurdu".

 

Siyasi şərhçi Azərbaycanın həm Qərblə, həm də Şərqlə əlaqələrini qoruyan nadir ölkələrdən biri olduğunu qeyd edir:

 

“Azərbaycanın İsrail və Türkiyə ilə yaxşı əlaqələri var. Halbuki, bu iki dövlət bir-biri ilə kifayət qədər zidd mövqelərdədir. Tərəf seçmir, heç bir tərəfdən də tamamilə imtina etmir. Ona görə də Azərbaycanı durdurmaq lazım idi ki, onun inkişafının qarşısı alınsın.Rusiya Azərbaycanı hələ də özündən asılı hala salmaq istəyir, Moskvadan idarə olunacaq bir siyasi vəziyyət yaratmağa çalışır. Amma bu mümkün olmadıqda aqressiya üzə çıxmağa başlayır. Əvvəllər Rusiya Qarabağ məsələsinə görə Azərbaycana müdaxilə edib. Azərbaycanın iqtisadi baxımdan da Rusiyadan asılılığı yoxdur. Zaman-zaman Azərbaycan bu təsir rıçaqlarını qırıb. Geriyə isə Rusiyada yaşayan azərbaycanlıların məsələsi qalır.

 

Məncə, Azərbaycan dövləti o mövqedən çıxış etməlidir ki, Rusiyada yaşayan azərbaycanlılar ölkəmizə qayıtsınlar. İşlərini burada qursunlar, ailələrini burada dolandırsınlar. Qarabağda yenidənqurma buna şərait yaradır. Azərbaycanda yaradılan yeni iqtisadi zonalar buna imkan verir. Bunun üçün artıq bu gün addımlar atılmalıdır ki, Rusiyadakı azərbaycanlılar ölkəmizin iqtisadi inkişafında həm kəmiyyət, həm də keyfiyyət baxımından mühüm rol oynasınlar.Rusiya Cənubi Qafqazda sülhdən yanadır deyilir. Amma əslində, əgər Cənubi Qafqazda sülh olsa, Rusiyanın burada təsir vasitələri yox olacaq. Çünki Rusiya “Parçala, hökm sür” siyasətindən çıxış edir. Xaos olmalıdır ki, müdaxilə edə biləcəyi səbəb yaransın. Sülh yaranarsa, Rusiyaya ehtiyac qalmayacaq. Rusiyanın bölgəyə müdaxilə üçün bəhanəsi belə olmayacaq. Buna görə də Rusiya israrla Azərbaycanla Ermənistanın yenidən toqquşmasına zəmin hazırlamaq istəyir.

 

Biz gördük ki, Ermənistanda Sarkisyan rejiminin devrilməsi və Paşinyan iqtidarının formalaşması Rusiyanın oradakı siyasi dayaqlarına ciddi zərbə vurdu. Qarabağın azad edilməsi isə dönüş nöqtəsi oldu. Bununla Rusiya artıq əvvəlki kimi nə Azərbaycan, nə də Ermənistanın siyasi həyatına əvvəlki güclə təsir edə bilir və bu təsir hər gün daha da azalır”.

 

Həşim Səhrablı əlavə edib ki,Yekaterinburq hadisələri dövlətin siyasətidir və bütün dəlillər buna işarə edir:

 

“Fərz edək ki, orada öldürülən azərbaycanlılar 2000–2001-ci illərdə hər hansı bir cinayətdə iştirak ediblər və ya ən radikal cinayətkarlardır. Bu, hansı dövlətə əsas verir ki, təhlükəsizlik qüvvələri saxlanılanları işgəncə ilə öldürsün? Baxın, Yaxın Şərqdə yüzminlərlə terrorçu tutulub, amma onları hətta terror təşkilatları belə çox nadir hallarda işgəncə ilə öldürüb. Terrorçular belə bu məsələdə daha “həssas” ola bilirlər. Bəs necə olur ki, Rusiya dövlətinin təhlükəsizlik qüvvələri belə həssaslıq göstərmir?Niyə o insanlar məqsədli şəkildə döyülərək öldürülüblər? Deməli, burada yuxarıdan gələn əminlik var. Onları döyən AMON əməkdaşı sadəcə əmrə tabe olan icraçıdır. Bu isə dövlət səviyyəsində həyata keçirilən bir terror aktıdır və Rusiyanın tarixən formalaşmış dövlət terrorunun sivil təzahürüdür.

 

Hadisələrin inkişaf mərhələsinə gəlsək, düşünmürəm ki, Azərbaycan-Rusiya münasibətləri bir daha əvvəlki səmimiyyət və yaxınlıq perspektivinə qayıtsın. Bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı ciddi addımlar atılıb. Amma bu biabırçılıq Rusiyanın əsl üzünü bütün çılpaqlığı ilə ortaya qoydu. Bu, artıq bütün xətlərin keçilməsi deməkdir.Sivil insanların iş yerində və ya evində döyülərək öldürülməsi belə, dövlətin və onu idarə edən hakimiyyətin bütün razılaşmalarının, “qırmızı xətlərin” puç olduğu anlamına gəlir. Belə tərəfə güvən olmaz. Ola bilsin ki, müəyyən sahələrdə əməkdaşlıqlar davam etsin, amma Azərbaycanın bundan sonra Rusiya siyasətində hər zaman alternativləri olacaq. Çünki baş verənlər göstərir ki, biz Rusiyadan hər zaman təhlükə gözləməliyik və gözləyirik də.Ona görə də baş verə biləcək riyakarlıqlara qarşı alternativlər formalaşdırmaq vacibdir. O ki qaldı hərbi müdaxilə riskinə -bu, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdidir".

 

Bizə müstəqillikdən bu yana hansı fikir aşılanıb?

 

“Rusiyada azərbaycanlılar yaşayır, Rusiya onları qovsa, biz ac qalacağıq”. Elə bir şey yoxdur. O insanların əlində kifayət qədər iqtisadi potensial var. Azərbaycan enerji ölkəsidir, həm də tranzit layihələrə qoşulur, dünya ölkələri ilə iqtisadi əlaqələr qurur.Bu gün hərbi müdaxilədən danışanlar varsa, məqsəd sadəcə azərbaycanlıları Rusiya daxilində qorxu içində saxlamaqdır. Bir ölkə nə qədər güclü olsa da, digər ölkəyə müdaxiləsi üçün ideal zəmin olmalıdır. Məsələn, Rusiya Ukraynaya müdaxiləsində belə zəmin yaradıb. Amma Azərbaycanla bağlı belə bir səbəb mövcud deyil”.

 

Siyasi şərhçi Azərbaycana müdaxilənin Çinin maraqlarına zərbə olduğunu vurğulayıb:

 

“Çinin Rusiyaya dəstəyinin kəsilməsi Rusiyanın boğulması anlamına gəlməzmi? Çinin Azərbaycana uzanan böyük potensial layihələri var və onların bir hissəsi Azərbaycandan keçir.

 

Bu gün Azərbaycanın Türkiyə ilə də müttəfiqlik anlaşması var. Rusiya Qərb siyasətində Türkiyəyə “nəfəslik” kimi baxır. Çünki NATO ölkələri arasında Rusiya ilə ən yaxın münasibət qura bilən dövlət Türkiyədir. Rusiya belə bir vəziyyətdə Türkiyəni itirmək istəməz. Bu mümkün deyil. Bunlar sadəcə miflərdir.Rusiya həmişə olduğu kimi onu dəstəkləyən daxili qrupların əli ilə nəsə etmək istəyir. Məncə, bunun üçün artıq gecdir. Çünki Rusiya Azərbaycanda öz dayaqlarını demək olar ki, itirib.Bu gün Rusiyaya tərəfdaşlıqlar lazımdır. Azərbaycan kimi vacib ölkə ilə daha sağlam münasibət qurmaqdansa, son addımlar göstərir ki, radikal, imperial düşüncəli şəxslər hələ də Rusiya dövlətinin sivil dövlətə çevrilməsinin qarşısını alırlar.Zamanla görəcəyik ki, bu siyasət Rusiyanın öz maraqlarına zərbə olacaq, iqtisadi, hərbi və diplomatik sahələrdə məğlubiyyətinə yol açacaq”.

 

Səkinəbəyim Cəfərova