Səudiyyə Ərəbistanında ilk THAAD sistemi istifadəyə verilib

Tarix: 20:29 03.07.2025
Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan ilk THAAD (Yüksək İrtifa Hava Hücumundan Müdafiə Sistemi) rəsmi şəkildə istifadəyə verilib. Rəsmi SPA agentliyinin məlumatına görə, sistemin sınaqları və personal hazırlıqları tamamlandıqdan sonra aktiv fəaliyyətə başlayıb.
THAAD sisteminin tətbiqi münasibətilə Ciddədə yerləşən Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda xüsusi mərasim keçirilib. Tədbirdə Hava Qüvvələri Komandanı Məzid bin Süleyman əl-Amr da iştirak edib və sistemə nəzarət edəcək hərbi hissənin komandanına bayraq təqdim edib.
ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan bu sistem, Səudiyyə ordusunun hazırlıq səviyyəsini artırmaq, ölkənin hava məkanını və strateji obyektlərini qorumaq məqsədi daşıyan müdafiə layihəsi çərçivəsində qurulub. THAAD sistemi, qısa və orta mənzilli ballistik raket təhlükələrinə qarşı hazırlanıb.
TRT Haber
Xəlilli Nigar