Rusiya dəniz paradını ləğv edib

Tarix: 21:00 03.07.2025
Rusiya bu il Sankt-Peterburqda keçiriləcək ənənəvi Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş hərbi dəniz paradını təhlükəsizlik səbəbilə ləğv edib. Bu barədə yerli “Fontanka” nəşri cümə axşamı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Hər il iyulun son bazar günü keçirilən parad Neva çayı boyunca minlərlə insanı cəlb edən mühüm ictimai və hərbi tədbir hesab olunur. Rəsmilər hələlik ləğv qərarını rəsmi şəkildə təsdiqləməyiblər və konkret təhlükə barədə məlumat verilməyib. Lakin artan təhlükəsizlik tədbirlərinin qərara təsir etdiyi bildirilir.
Paradın ləğvi Rusiya Hərbi Dəniz Qüvvələri baş komandanının müavini, general-mayor Mixail Qudkovun Ukraynanın endirdiyi zərbə nəticəsində həlak olmasından sonra baş verib.
Uzaq Şərqdə yerləşən Primorye diyarının qubernatoru Oleq Kojemyako Qudkovu “Rusiyanın və Primoryenin qəhrəmanı” adlandıraraq, onun və hücum nəticəsində həlak olan digər hərbçilərin ailələrinə başsağlığı verib.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Qudkovun Kursk vilayətinin sərhəd zonasında döyüş tapşırığını yerinə yetirərkən öldüyünü təsdiqləyib. 42 yaşlı general-mayor mart ayında Rusiya Hərbi Dəniz Qüvvələri baş komandanının müavini vəzifəsinə təyin olunmuşdu. O, daha əvvəl Sakit Okean Donanmasının 155-ci Qvardiya Dəniz Piyada Briqadasına komandanlıq etmiş və 24 fevral 2022-ci ildən bəri “xüsusi hərbi əməliyyatda” iştirak edib.
ANEWZ
Gülhüseynova Güllər