Donald Tramp İsrailin Qəzza zolağında atəşkəs şərtləri ilə razılaşıb

Bölmə: Siyasət › ,
Tarix: 21:03 03.07.2025

 


"Mənim nümayəndələrim Qəzza ilə bağlı israillilərlə uzun və məhsuldar görüş keçiriblər. İsrail 60 günlük atəşkəs üçün məcburi şərtlərlə razılaşıb. Bu müddət ərzində biz münaqişəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik", - Tramp bildirib.


Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ, Qətər, Misir, Həmas və İsrail arasında birbaşa danışıqlar yoxdur:


"Donald Tramp İsrail–İran eskalasiyasından sonra bildirmişdi ki, 2 həftə ərzində Qəzza ilə bağlı atəşkəs əldə olunacaq. Bununla bağlı hazırda intensiv danışıqlar gedir. ABŞ, Qətər, Misir, Həmas və İsrail arasında birbaşa danışıqlar yoxdur.Ən son Kit Kellogg-un təqdim etdiyi plan xatırlayırsınızsa may ayında irəli sürülmüş iki mərhələli plan idi.

 

İlk mərhələdə 60 günlük atəşkəs nəzərdə tutulurdu. Bu müddət ərzində humanitar yardımlar Qəzzaya bərpa edilməlidir. Eyni zamanda, İsrail hərbçiləri tam atəşkəs rejiminə riayət etməli və müəyyən mövqelərdən geri çəkilməlidirlər.

 

Qəzzadakı Netsarim və Filadelfi koridorlarından çıxarılmaları da planın tərkib hissəsidir. Digər tərəfdən, bu atəşkəs planı ilk günlərdə əsir mübadiləsini də əhatə edir. Belə ki, ilkin mərhələdə İsrail tərəfindən 25 nəfərin 10 əsir və 15 cəsədin qarşı tərəfə təhvil verilməsi nəzərdə tutulur. Əvvəzində, fələstinli məhbusların azad olunması da şərtlər arasında yer alır. Daha sonra, 60 günlük atəşkəs müddəti başa çatdıqdan sonra ikinci mərhələ başlayır. Bu mərhələdə İsrailin qoşunlarını Qəzzadan çıxarması, eləcə də Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrinin iştirakı ilə bölgədə bərpa və quruculuq işlərinin aparılması nəzərdə tutulur. Həmçinin, Həmasın tərksilah olunaraq Qəzzanı tərk etməsi planlaşdırılır. Lakin tərəflər arasında bu atəşkəsin şərtlərinə dair fikir ayrılıqları mövcuddur.

 

Həmas tələb edir ki, İsrail birinci mərhələdə tam şəkildə qoşunlarını çıxarsın, lakin İsrail buna razı deyil. Həmas, eyni zamanda, daimi atəşkəsin təmin edilməsini istəyir, amma İsrail bu məsələyə də hazır deyil. Bu səbəbdən, hazırda ortaq mövqe formalaşmayıb. İsrail mediası da bildirir ki, Həmas daxilində də yekdil mövqe olmadığından atəşkəsin imzalanması ehtimalı yüksək deyil. Bununla belə, Donald Tramp bu məsələyə daha optimist yanaşır. İsrailin Xarici Strateji Əlaqələr naziri Ron Dermer Vaşinqtona səfər edib və atəşkəs məsələsi bir daha müzakirə olunub. Görünən odur ki, ABŞ Misir və Qətərə təzyiq göstərmək niyyətindədir ki, onlar da öz növbəsində Həması razı sala bilsinlər. Amma Həmasın hərbi və siyasi manevr imkanları məhduddur. O da anlayır ki, əsirlərin hamısını ilkin mərhələdə azad etsə, İsrail daha genişmiqyaslı hərbi əməliyyata başlaya bilər. Bu isə Həmasın maraqlarına uyğun deyil. Hazırda ABŞ çalışır ki, tərəflər arasında kompromis əldə edilsin. Bu ehtimal zəif olsa da, tamamilə istisna edilmir. Əsas məsələ isə İsrail və Həmas arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasıdır".

Səmayə Səftərova