SOCAR-a məxsus trestdə qəza baş verib, 1 nəfər ölüb

Bölmə: Hadisə › ,
Tarix: 09:41 27.07.2016

“Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib. SOCAR-dan İnformator.az-a verilən xəbərə görə, iyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb.

5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. Namik Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək.