Məhkəmə çəkişməsi: Hakim elan etdiyi qərarı saxtalaşdırıb

Bölmə: Hadisə › ,
Tarix: 15:25 28.11.2016

“Ali Məhkəmədə oktyabrın 18-də keçirilən iclas zamanı sədrlik edən hakim İlqar Xələfov aydın şəkildə qətnamənin qismən ləğv edilərək yenidən baxış üçün Apellyasiya Məhkəməsinə göndərilməsi haqda qərarı elan etdi. Ancaq qərar sonradan qanunsuz olaraq dəyişdirilmiş və elan olunduğu kimi deyil, tam ləğv edilərək geri göndərilməsi haqda qətnamə çıxarılıb.  Ali Məhkəmənin  saytında da eynilə qərarda dəyişiklik edilib. Bunu məhkəmə prosesində iclas zalında kamera çəkilişlərini araşdırmaqla sübut etmək mümkündür”.

İnformator.az xəbər verir ki, bunu Bizimyol.info saytına Yasamal rayon sakini Qədimov Abuzər Qədim oğlu deyib. 1937-ci il təvəllüdlü A.Qədimovun məhkəmə çəkişməsi oğlu Aqşin Qədimovladır. “3 övladım var. Həyat yoldaşım 2012-ci ildə rəhmətə gedib. 12.12.2012-ci il tarixdə 43 saylı notariat kontorunda mülkiyyətimdə olan Yasamal rayonu Mətbuat prospektindəki 4 otaqlı mənzilimi oğlumun adına bağışladım. Bunun müqabilində isə Aqşin 2003-cü ildə ailə qurarkən mənimlə birgə yaşamaq şərtilə ona yaşaması üçün ona aldığım Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki 2 otaqlı mənzili 2 qızımın arasında bərabər bölməsini istədim. Məqsədim mirasımı övladlarım arasında ədalətli bölmək idi. O, mənim gözdən II qrup əlil olmağımdan, etibarımdan istifadə edərək yaşayış yerindən “Forma 2” arayışı alarkən qızımın qeydiyyatdan çıxdığı barədə yalan məlumat verib və saxta arayış alıb. Nəsimi rayonundakı daimi yaşadığı mənzili mənim adıma bağışlasa da, ailə üzvləri ilə qeydiyyatda olduğundan və notarial qaydada razılıq vermədiklərindən həmin mənzili qızlarıma verə bilmədim. Çünki məqsədi hər iki mənzili mənimsəmək idi. Oğlum öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, saxta sənəd əsasında, aldatma yolu ilə müqavilə bağladığından bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi ilə 14.10.2013-cü il tarixdə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim”.

Şikayətçi bildirir ki, həmin İş üzrə məhkəmə istintaqının getdiyi zaman - 04.10.2013-cü il tarixdə ASAN 3 xidmətində Qədimov Aqşin məqsədli şəkildə məhkəmənin gedişatına mane olmaq üçün sözügedən mənzilə pasport qeydiyyatına düşüb. “Eyni zamanda məhkəmə gedişatı zamanı Ədliyyə Nazirliyinin ümumi şöbəsində rəis müavini vəzifəsində çalışan həyat yoldaşı Əhmədova Ülviyyə Mahmud qızının adından istifadə edərək təsir göstərmiş, məhkəmə prosesini süni surətdə müxtəlif  bəhanələrlə 2013-cü ildən 2015-ci ilin dekabr ayınadək 2 il müddətinə uzatmışdır.  Yasamal rayon Məhkəməsinin hakimi Zəfər Quliyev 06.11.2015-ci il tarixdə qətnamə çıxararaq iddia tələbimi təmin edib”. 
 
A.Qədimov bildirir ki, qarşı tərəf apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmovanın sədrliyi ilə baxılıb və 14.04.2016-cı il tarixdə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar verilib. 
Bundan sonra isə iş Ali Məhkəmə instansiyasında baxılıb. “Ali Məhkəmədə işə baxılarkən qızımın həmin evdə qediyyatda olması, mübahisəli mənzilə dair cavadehlər arasında bağışlama müqaviləsi bağlanarkən notariat kontoruna təqdim edilmiş Forma 2 arayışında qızımın adının qəsdən göstərilməməsi və 43 saylı dövlət notariat kontorunda mənzilin  bağışlanılmasına qızımın yazılı razılığının olmaması tam sübuta yetirilsə də, məhkəmə tərəfindən bu faktlara düzgün hüquqi qiymət verilməmişdir”.
 
A.Qədomov bildirir ki, Ali Məhkəmənin hakimi İlqar Xələfov qərarı elan edən zaman qətnamənin qismən ləğv edilərək Apellyasiya Məhkəməsinə yenidən baxış üçün göndərilməsi haqda qərarı elan edib. “Ancaq qətnamə sonradan qanunsuz olaraq dəyişdirilmiş və elan olunduğu kimi deyil, tam ləğv edilərək geri göndərilməsi haqda qətnamə çıxarılmışdır”. Onun sözlərinə görə, Ali Məhkəmənin  saytında da müvafiq dəyişiklik edilib. “Ali Məhkəmənin qərarı maddi hüquq normaları pozulmaqla çıxarıldığından, yəni iş üzrə səhv nəticəyə gəlməsi səbəbindən işin faktiki halları və sübutlar əsasında yeni qərar qəbul edilməlidir” – deyə A.Qədimov bildirir.
 
O, məhkəmə prosesində iclas zalında kamera çəkilişlərinə baxış keçirilərək, hakimin öz qərarını saxtalaşdıraraq dəyişdirməsinin sübut olunmasını və qərarın ləğv edilməsini istəyir. 
Şikayətlə bağlı hakim İlqar Xələfovun mövqeyini öyrənməyə çalışırıq. Hələlik İ.Xələfovun iş telefonna cavab verilmir. 
 
Bizim Yol” qəzeti və Bizimyol.info saytı məsələyə aydınlıq gətirilməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə də sorğu ilə müraciət edib.