Jurnalist kriteriyaları

Bölmə: MEDİA › ,
Tarix: 10:48 17.02.2017

Kənan Novruz
BDU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Jurnalistikanı digər peşələrdən fərqləndirən çox xüsusiyyət var. Əvvəla, yaxşı jurnalist olmaq təkcə yazmaq qabiliyyəti tələb etmir. Əgər belə olsa idi, Lev Tolstor, Ernest Hemenquey, Cek London, Qabriel Qarsia Markes dünyanın ən yaxşı jurnalistləri olardılar. Adlarını çəkdiyim dahilər belə demək mümkünsə, söz sehrbazları, hər bir oxucunun qəlbinə yol tapmağı bacaran yazıçılar idi. Onların işi yazmaq idi. Öz fikirlərini, ictimaiyyətdə oyatmaq istədikləri arzu və istəkləri, təbliğat məqsədli fikirlərini kağız üzərinə köçürürdülər. İstəyən də həmin müəllifin kitabını alır və oxuyur. Bu mənada jurnalistlər daha çətin bir peşə nümayəndələridirlər. Çünki onların işi konkret olaraq yazmaq yox, ictimaiyyətə informasiya çatdırmaqdır. Sadəcə qəzet-jurnal sahibləri bunu yazmaq, televiziya-radio jurnalistləri isə efirdəki gündəlik çıxışları vasitəsilə edirlər. Amma əminliklə deyə bilərəm ki, yaxşı, sözün əsl mənasında oxucu üçün maraqlı və aktual məlumatı çatdırmaq üçün jurnalistin güclü müşahidə qabiliyyəti olmalıdır. O, çoxlarının görə bilmədiyini görməli, eşidilməyənləri eşitməlidir. Həm də düzgün nəticə çıxarmaq üçün baş verənlərə obyektiv, vicdanlı, qərəzsiz yanaşmalıdır. Eyni zamanda jurnalist operativ olmalıdır. Daha “nə vaxt təb gələr, onda da yazaram” deməməlidir. Axı jurnalistika rəssamlıq və ya heykəltaraşlıq deyil. Nə təb, nə həvəs?! Bu saydıqlarım jurnalistikanın təməl prinsipləridir. Sözügedən sahəni seçən hər kəs bunlara əməl etməlidir. İkinci bir tərəfdən jurnalist ancaq real faktlara, konkret məlumatlara arxalanmalı, onu bir qədər genişləndirmək, əhatəli etmək şərtilə ictimaiyyətə çatdırmalıdır. Şübhəsiz, peşə məsuliyyətini dərk edən müxbir də yazdığını bir neçə dəfə oxumalı, fikirlərini saf-çürük etməlidir. O qədər olub ki, adi bir hərf səhvi, rəqəm ixtisarı nəticəsində aləm bir-birinə dəyib. Bilirsiz nə vaxt? Min bir əziyyətlə qəzet əməkdaşları tərəfindən səhifələr hazırlanıb, qəzet nəşr olunub, səhəri gün oxucular tərəfindən alınıb oxunduqdan sonra. Yəni iş işdən keçdikdən sonra. Bu da birbaşa(ümumiyyətlə hər cür səhv) həm müəllifin və ədəbi redaktorun məsuliyyətsizliyinə, qeyri-peşəkarlığına dəlalət edir, həm də həmin KİV-in ictimaiyyət qarşısındakı nüfuzunu aşağı salır. Buna səbəb olan başqa bir amil isə kifayət qədər peşəkarlığı olmayan əməkdaşın yerli-yersiz eyni sözün təkrarına yol verməsidir. Bu yaxınlarda mətbu orqanların birində belə bir cümləyə rast gəlmişdim: “mükafatçılar kubok və medallarla mükafatlandırılıblar.” Elə bil söz qıddığıdır. Təkrar olunan sözün əvəzinə “təltif olunublar” olsa idi daha yaxşı olmazdımı?Əlbəttə, yaxşı olardı. Nəzərə almaq lazımdır ki, bu cür hallar oxucunu yorur və o, heç yazının sonuna çatmamış qəzeti qatlayıb bir qırağa qoyur. Xüsusilə, bu zamanda-yaşadığımız informasiya dövründə jurnalistlər bu cür neqativ hallara qarşı daha diqqətli olmalıdırlar. Unutmayaq ki, keçən əsrin ortalarından fərqli olaraq hazırda müxtəlif tirajlarla nəşr olunan kifayət qədər çox mətbu orqan var. Və bugünkü informasiya cəmiyyətində oxucu üçün məlumatı “Azərbaycan”dan və ya “Respublika”dan almaq elə də əhəmiyyətli deyil. Vacib olan verilmiş informasiyanın keyfiyyətli olması, hətta belə demək mümkünsə, əsl peşəkar qələmindən çıxmasıdır. Qəzetin satılıb-satılmaması isə redaksiya kollektivini narahat etməlidir. Başda redaktor olmaqla hər bir əməkdaş çalışmalıdır ki, ictimaiyyətin rəğbətini qazansın, o, öz yazıları ilə göstərməlidir ki, vətəndaşın məhz müvafiq KİV-in daimi oxucusuna çevrilməsi daha məqsədəuyğundur. Bu yerdə Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevin bir sözü yadıma düşdü. O, 15 il əvvəl, 2001-ci ildə adı çəkilən qəzet təsis edilərkən demişdir: “Qazanılan etimadı qoruyub saxlamağa çalışacağıq.” (Bunu ilk dəfə onunla tanışlığımızda özü qeyd etmişdir.) Murad müəllim sözünün üstündə durdu. Ətrafına peşəkar bir kollektiv topladı və tez bir zamanda etimadı doğruldub, oxucuların rəğbətini qazandı. Bunun nəticəsidir ki, hazırda həmin qəzet “Olimpiya dünyası-idmanın aynası” şüarı ilə həftədə iki dəfə öz oxucuları ilə, o cümlədən idmansevərlərlə görüşür. Diqqət yetirsək görərik ki, indi ölkəmizdə idmana bu dərəcədə maraq göstərən, öz səhifələrində idmançılarımızın uğurlarını mütəmadi olaraq işıqlandıran yeganə qəzet “Olimpiya dünyası”dır. Ümumiyyətlə, mətbu orqanların bir-birlərilə rəqabətdə olduğu bir vaxtda qəzet və jurnalın orijinal profilə sahib olması çox mühüm amildir. Məsələn, götürək elə Akif Aşırlının rəhbərlik etdiyi “Şərq” qəzetini. Bu qəzet digərlərindən fərqli olaraq öz səhifələrində kiçik həcmli, xəbər tipli yazılara daha çox yer verməklə oxucuların diqqət mərkəzindədir.
Adlarını çəkdiyim qəzetlərlə yanaşı bu gün “Xalq qəzet”, “525-ci qəzet”, “Ədalət”, “Yeni təfəkkür”, “Bütöv Azərbaycan” kimi ictimai-siyasi qəzetlər də geniş oxucu kütləsinə malikdirlər. Onlar özlərinə opponent mövqedə dayanan 1-2 “jurnalist” dən ibarət “kollektiv”lərə qarşı uğurla mübarizə apararaq xalqa xidmət edirlər. Bəzi “jurnalist”lər isə sadəcə “seçdikləri sahənin” “dördüncü hakimiyyət” nüfuzundan istifadə edərək guya əməkhaqqı qazanmaqla məşğuldurlar. Amma unudurlar ki, əmək olmayan yerdə nəinki əməkhaqqı, heç haqq da olmur. Məgər, hansısa KİV-də rast gəldiyin xəbəri eyni ilə olduğu kimi, heç bir istinad etmədən öz imzanla işlədiyin mətbu orqanda dərc eləmək düzgündür. Bəs vicdan, əməyə hörmət harda qaldı?
Dahi insan Cəlil Məmmədquluzadə demişdir: “Qələmin müqəddəs borcu xalqa xidmət etməkdir.” Bu gün ölkə mediasının kapitanları sayılan Rəşad Məcid, Seyfəddin Hüseynli, Məzahir Süleymanzadə, Həsən Həsənli və başqaları bu kəlamı özlərinə şüar seçiblər. Tanınmış qələm sahiblərindən birinin dediyi kimi həm də onlar daim növbəti nömrənin qayğısı ilə yaşayırlar. Çünki öz sahələrinə ürəkdən bağlıdırlar. Daha bəziləri kimi ancaq pul xətrinə yazı-pozu ilə məşğul olmurlar. Təbii ki, sevgi və həvəs olmayan yerdə heç bir uğurdan söhbət gedə bilməz. Mir Şahin Ağayev deyir ki, işimizin peşəkarı olaq. Düz 53 ildir idman jurnalistikasında usanmadan çalışan, əməkdar jurnalist Oqtay Bayramovun fikrincə, uğurun sirri peşəkarlıqdadır.
Jurnalist həm də bir neçə əcnəbi dil bilməli, səlis nitqi, zəngin söz ehtiyatı olmaq üçün mütaliəylə məşğul olmalıdır. Xüsusilə, bu gün bütün dünyanın idman mərkəzi kimi tanınan Azərbaycanda bu çox vacibdir. Beynəlxalq jurnalistikaya gedən yolda isə mən deyərdim ki, xarici dil pasport vəzifəsini yerinə yetirir. Amma bunlardan daha vacibi də var-cəsarət. Jurnalist həqiqəti açıq-aşkar, olduğu kimi deməkdən çəkinməməlidir. Şəhid jurnalistlərimiz Çingiz Mustafayev, Salatın Əsgərova və başqaları kimi. Onlar şəhid olsalar da, dedikləri, göstərdikləri həqiqətlər yaşayır və yaşayacaq. Jurnalistin qələmi qüdrətli olmalıdır. Elə yazmaq lazımdır ki, onu silmək qeyri-mümkün olsun. Bunun üçün də ilk növbədə qələmi cəsarətlə əlində saxlamaq lazımdır. Daha qorxa-qorxa, əlin titrəyə-titrəyə, filankəsin qulağına çatsa necə olar düşüncəsi ilə, yox! Sadəcə həqiqət çərçivəsindən kənara çıxmamaq labüddür. Vəzifədən sui-istifadə edib yalan məlumatlar, sensasiya xarakterli yazılar yazmaq, kimlərisə şantaj etmək olmaz! Bu cür reket jurnalistlər mütləq günün birində iti qələmləri olan, təcrübəli jurnalistlər Rəşad Məcidlərin, İttifaq Mirzəbəylilərin hədəfinə tuş gələcəklər. Bax onda jurnalistikanın nə olduğunu başa düşəcəklər. Unutmayaq ki, həqiqi və qüvvətli sözün qarşısında heç bir qüvvə dayana bilməz. Düşmənlər də, özünü dost kimi təqdim edən mənfur xislətlilər də, top-tüfəng də...