MİMTA Fondunun 2016-cı il üçün HESABATI

Bölmə: Sosial › ,
Tarix: 15:07 29.03.2017

Məlum olduğu kimi, Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondu 2005-ci ildə təsis edilmişdir və artıq 12 ildir ki fəaliyyətini uğurla davam etdirir. Fondun əsas məqsədi, adından da bəlli olduğu kimi, milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək və inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan fondumuz Azərbaycan xalqının milli-mədəni, tarixi dəyərlərini tədqiq edib, istər ölkəmizdə, istərsə də ölkəmizin sərhədlərindən kənarda tanıtmaq məramı daşıyır. Bu fəaliyyət növlərinə milli-irsimizi, mədəniyyətimizi, dərin köklərə bağlı tariximizi əks etdirən sərgilərin, konfransların və s. tədbirlərin təşkili, təhsil, mədəniyyət, səhiyyə və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminar və müsabiqələrin keçirilməsi daxildir.
Yola saldığımız 2016-cı ildə fondumuzun təsis etdiyi mətbu orqanlar – artıq fəaliyyətinin 10 ili tamam olan “Füyuzat” dərgisi və 5 ildir ki, nəşri uğurla davam etdirilən “İşıq-qadın” jurnalının müvafiq illik sayları işıq üzü görmüşdür. Hər il olduğu kimi, keçən 2016-cı ildə də istər “Füyuzat”, istərsə də “İşıq-qadın” jurnalı cəmiyyətimizin önəmli məsələlərinə, xalqımızın ölməz dəyərlərinə bir daha işıq tutmağa çalışmış və bu yolda fondun məramını ifadə etmişdir. Həm “Füyuzat” dərgisi, həm də “İşıq-qadın” jurnalının işıq üzü görən hər yeni nömrəsi fondumuzda təqdim edilmiş, hər iki jurnalın toxunduğu mövzular geniş şəkildə müzakirə olunmuşdur.
Bundan başqa, artıq illərdir ki, MİMTA fondunda ənənə halını almış müxtəlif mövzulu seminarlar ötən il ərzində də müntəzəm şəkildə keçirilmişdir. Əsasən milli irsimizlə, mədəniyyət və tariximizlə bağlı mövzuları əhatə edən bu seminarlara ölkənin müxtəlif ali təhsil ocaqlarından qonaqlar, dinləyicilər dəvət edilmiş, toxunulan mövzular ətrafında geniş müzakirələr aparılmışdır.
Fondumuzda təşkil olunan seminar və digər görüşlərdən əlavə, əməkdaşlarımız hər il olduğu kimi, ötən 2016-cı il ərzində də müxtəlif yerlərdə keçirilən tədbir və görüşlərə qatılmış, bu tədbirlərdə çıxışlar edərək fondu layiqincə təmsil etmişlər. Bu görüşlərə misal olaraq, Bakı şəhər T.Həsənov adına 57 №-li tam orta məktəbdə keçirilən və görkəmli ictimai xadim, yazıçı-jurnalist Ceyhun Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbiri, o cümlədən Azərbaycan Xalça Muzeyində təşkil olunmuş tədbir və görüşləri, Bakı şəhərinin müxtəlif kitabxana və muzeylərində təşkil edilən tədbir və təqdimat mərasimlərini göstərə bilərik.
Bundan başqa, “Füyuzat” və “İşıq-qadın” jurnalının əməkdaşları BDU-nun Jurnalistika və Filologiya fakültəsinin, o cümlədən Xarici Dillər Universitetinin tələbələri ilə görüşlər keçirmiş, seminarlar vermişlər.
2016-cı il MİMTA fondunun Bakı Dövlət Universitetində təşkil etdiyi müsabiqə ilə də əlamətdar oldu. Belə ki, “İşıq-qadın” jurnalı və BDU-nun Jurnalistika fakültəsinin birgə keçirdiyi “Şeirin işığı – “İşıq”ın şeiri” adlı bu şeir müsabiqəsi uğurla keçirildi və mükafatlandırma mərasimində qalib yerləri tutan tələbələrə, eləcə də bütün iştirakçılara fond tərəfindən hədiyyələr, müvafiq sertifikatlar təqdim olundu.
Müsabiqədən sonra BDU-nun Jurnalistika fakültəsinin tələbələri tərəfindən çəkilmiş və “İşıq-qadın” jurnalının 5 illiyinə həsr edilmiş filmin təqdimat mərasimi də keçirildi. Qeyd edək ki, film ötən əsrin əvvəllərində çıxan və mətbuatımızın ilk qadın mətbu orqanı olmuş tarixi “İşıq” qəzetinin keçdiyi yoldan, bu gün jurnal formatında nəşri davam etdirilən “İşıq-qadın” jurnalının öz sələfinin yolunu layiqincə davam etdirməsindən bəhs edir.