SƏFƏVİ İMPERİYASI TARİXİNƏ YENİ BAXIŞ

Bölmə: Hadisə › ,
Tarix: 19:56 30.04.2017

Nurlan Ağa
BDU jurnalistika fakültəsinin tələbəsi

Bu gün arxivlərdə yatıb qalan, gün üzü görməyən tarixi məqamlar çoxdur. Ən əsası da onların xalqa tanıdılması və özünüdərk prosesində tarixin təcrübəsindən istifadə edilməsi, əski dövlətçilik ənənələrinin öyrənilməsi diqqətdə olmalıdır. Azərbaycan tarixi isə qədim olduğu qədər də qarışıqdır. Bu torpaqlar bir çox sülalənin hakimiyyətini görmüş, bir sıra imperiyaların tərkibində olmuşdur. Onların arasında türksoylu dövlətlər çoxluq təşkil edir. Bunlardan ən güclüsü də Səfəvilərdir desək, yanılmarıq. Belə deyək, Türkiyə türklərinin Osmanlısı varsa, bizim də Səfəvimiz var. Amma təbii ki, güclü olduğu qədər də qarışıq, qəddar olduğu qədər də xeyirli bir dövlət...
Qarşımda Vüqar Zifəroğlu və Ceyhun Bayramlının “Azərbaycan hökmdarları: Səfəvilər” kitabı var. Bu yaxınlarda nəşr olunan kitabda Səfəvi imperiyasının şahları haqqında Azərbaycan və ingilis dillərində bioqrafik məlumatlar verilib. Bu məlumatlarla yanaşı dövrün siyasi ab-havasını da göstərən kitabda müxtəlif maraqlı məlumatlar da ötürülüb. Bunların sırasında Səfəvi şahlarının arvadları və uşaqlarının adları yer tutur. Hər hökmdara ayrılmış səhifələrin sonunda onun ailə nümayəndələri ilə bağlı qısa bilgi almaq olar.
Kitabda Şah I İsmayıl, Şah I Təhmasib, Şah II İsmayıl, Şah Məhəmməd Xudabəndə, Şah I Abbas, Şah I Səfi, Şah II Abbas, Şah Süleyman (II Səfi), Şah Sultan Hüseyn, Şah II Təhmasiblə bağlı faktlar yer alır. Sonda isə formal olaraq adı taxt-tac sahibi gedən Şah III Abbas haqqında məlumat verilir. Onun hakimiyyəti dövründə dövlət real olaraq Nadir xan Əfşar tərəfindən idarə edilmişdir.
1736-cı ildə Sabirabadın Suqovuşan kəndində Nadir xanın çağırdığı qurultayda Səfəvi imperiyası rəsmən sonlanmış və dünya arenasında öz yerini Əfşarlar dövlətinə, yaxud Nadir şah imperiyasına ötürmüşdü.
Kitabdakı Səfəvi şahları ilə bağlı bir neçə maraqlı məqamları qeyd edək. Məsələn, Şah I Səfi haqqında:
“Özünün hakimiyyəti dövründə I Şah Səfi Səfəvilər nəslinin bir çox kişi nümayəndəsini, əmirlərin bir çoxunu, eləcə də, öz arvadını və qızını öldürmüşdür. Hətta kor edilərək Ələmut qalasında həbsdə saxlanılan əmiləri Məhəmməd Mirzə və İmamqulu Mirzəni onun göstərişi ilə qalanın bürcündən aşağı atmışlar. O, belə hesab edirdi ki, “kor olduqları üçün onların vücudları faydasızdır.”

Şah Süleymanın adının tarixi ilə də bağlı maraqlı məlumat kitabda əksini tapıb:
“1666-cı il avqustun sonlarında Səfi Mirzə saray əyanlarının rəyi əsasında şah seçildi. Lakin taxta çıxdıqdan az sonra o, ağır xəstələndi və bu xəstəlik bir ildən çox çəkdi. Eyni zamanda Səfəvi-Qızılbaş dövlətində əhalinin vəziyyəti kəskin pisləşdi, iqtisadi durum çətinləşdi və ayrı-ayrı şəhərlərdə taun epidemiyası yayılmağa başladı. Sarayın baş münəccimi və bəzi əmirlər bu fikirdə idilər ki, uğurlu olsun deyə tacqoyma mərasimi daha uyğun bir vaxtda təkrarən keçirilməlidir. Buna görə də, 1668-ci ilin əvvəlində İsfahanın Çəhəlsütun sarayında yenidən tacqoyma mərasimi keçirildi və şah taxta Süleyman şah Səfəvi ismi ilə əyləşdi. Hətta pul sikkələrinin və möhürlərin üzərindəki adları belə dörd saat içərisində yenidən dəyişdilər. Maraqlıdır ki, bu mərasimdən sonra şahın səhhəti tamamilə düzəldi və ölkənin vəziyyəti də sahmana düşdü.”
Kitabdakı fərqliliklərdən biri də müxtəlif fotoların, portretlərin rəngli formada yer almağıdır. Çap məhsulu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu Dərnəyi tərəfindən nəşr edilib. Azərbaycan tarixində türkçülük və dövlətçilik ənənələrinin formalaşmasında böyük rol oynayan Səfəvilər haqqındakı kitab tarixlə maraqlanan hər kəsin oxuması gərəkən kitablardandır