Avtomobillər üçün uşaq oturacağı alanda nələrə diqqət yetirmək lazımdır?

Bölmə: Sosial › ,
Tarix: 15:48 30.05.2017

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ), "Hed Academi Azerbaijan" şirkəti və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan maarifləndirmə tədbiri keçiriləcək.

İnformator.az-ın məlumatına görə, tədbir iyunun 1-də saat "Park Bulvar"da baş tutacaq. 



“Ana qucağına yox, uşaq oturacağına güvən!” adlı layihənin məqsədi insanları avtomobillərdə uşaq oturacağının əhəmiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır.

"Hed Academi Azerbaijan"ın PR meneceri İbrahim Mirzəyev bildirib ki, layihə çərçivəsində şirkətin beynəlxalq sertifikatlı təlimçiləri uşaq oturacaqları, onların əhəmiyyəti, mahiyyəti ilə bağlı ictimaiyyətə məlumat verəcək və uşaq oturacağının düzgün istifadə qaydalarını nümayiş etdirəcəklər.

Onun sözlərinə görə, uşaq oturacaqlarının istifadə edilməməsi qəza anında avtomobildə olan uşaqların ağır xəsarət alma ehtimalını dəfələrlə artırır. Nəticədə hər gün dünyada baş verən qəzalarda çox sayda uşaq ölür: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hətta yol hərəkəti qaydalarına ciddi əməl olunduğu Qərbi Avropa ölkələrində avtomobil qəzaları zamanı hər 100 uşaqdan 3-ü həyatını itirir. Bəzən valideyinlər bu oturacaqları əldə etsələr belə, onlardan düzgün istifadə edə bilmirlər. Lakin avtomobil üçün uşaq oturacağını alarkən onun modelinə, uşağın oturacağa oturma və bağlanma formasına dair bir sıra məqamlara diqqət yetirmək vacibdir".

İ.Mirzəyev vurğulayıb ki, uşaq oturacağını alarkən, onun uşağın yaşı, boyu və çəkisinə uyğun olmasına diqqət edilməli, uşaq oturacağı avtomobilin arxa oturacağının ortasında yan hava yastıqlarından uzaqda yerləşdirilməlidir: "Əks halda hətta təhlükəsizlik kəmərini bağlamaq belə fayda verməyə və bu, hətta ölümlə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, uşaq oturacağı qəzalarda riski yüzdə 75 faiz azaldır. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına görə boyu 150 sm-dan, çəkisi 36 kq-da aşağı olan uşaqlar avtomobilin ön oturacağında əyləşməməlidir".

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991-ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya, təhlükəli maddələrin daşınması, nəqliyyat və avtomobil idarəetmə mövzularında Türkiyə, Almaniya, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Bolqarıstan, Kipr və Rumıniyada neft, nəqliyyat, dərman, sıgorta və inşaat sektorlarında olan firmalara xidmət göstərir və genişspektrli əməkdaşlıq təklif edir.

HED Akademiya 2007-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir. Fəaliyyəti dövründə göstərdiyi xidmətlər beynəlxalq səviyyədə yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılmışdır. Hazırda TANAP layihəsinin nəqliyyat sektorunda təhlükəsizliklə bağlı prosedurların yazılması və nəqliyyata nəzarət edilməsi bu şirkət tərəfindən yüksək səviyyədə həyata keçirilir.