“Barbi” yeni gəlinciyini təqdim edib

Bölmə: Sosial › ,
Tarix: 20:30 10.07.2025

Bu vaxta qədər müxtəlif illərdə fiziki qüsuru və ya xəstəliyi olan uşaqlar üçün xüsusi “Barbi”lər təqdim olunub. Bu gəlinciklərin məqsədi uşaqların özlərini daha rahat hiss etmələrini təmin etmək və onlara tək olmadıqlarını göstərməkdir.

 

Qeyd edək ki, bu il Barbie ilk dəfə şəkər xəstəsi olan gəlincik təqdim edib.

2024-cü ildə görmə məhdudiyyətli Barbie, 2023-cü ildə Daun sindromlu Barbie, 2022-ci ildə eşitmə cihazı taxan Barbie, 2020-ci ildə isə dəri piqmentasiya pozğunluğu olan Barbie təqdim edilib.

2019–2020-ci illərdə əlil arabasında əyləşən, protezli və səssiz Barbie modelləri təqdim olunub.

2016-cı ildə isə müxtəlif ölçülü – uzunboylu, qısa və böyük ölçülü Barbielər təqdim edilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, ümumilikdə fikir vermək lazımdır:

 

 

"Uşaqlar hansı oyuncaqlarla oynayırlar, nə dinləyirlər, nə izləyirlər? Barbi gəlincikləri də bu sıraya daxildir. Uşaqlar hansı oyuncaqlarla oynayırsa, valideynlər buna diqqət yetirməlidirlər. Barbi gəlincikləri, adətən, ideal bədən quruluşuna sahib olurlar və bu da qız uşaqlarında istər-istəməz belə bir fikir formalaşdıra bilər: “Niyə mənim fiziki görünüşüm Barbiyə bənzəmir?” Halbuki uşaqlar bilmir ki, Barbini bu formada düzəltməyin məqsədi nədir. Böyüklər bu fərqi anlayıb dəyərləndirə bilirlər, amma uşaqlarda sorğulama bacarığı tam formalaşmadığı üçün bu, onlarda özünə güvən əskikliyinə səbəb ola bilər.

 

Çünki Barbilərdə ideal bədən proporsiyaları, sarışın saç, göy gözlər, ağ dərili olmaq, uzun ayaqlar – yəni model görünüşü olur. Uşaqların daxilində müqayisə yaranır və özlərini həmin görünüşə oxşatmaq istəyirlər. Bəzən saç düzümünü, bəzən geyimini təqlid edirlər. Bu, təkcə Barbiyə aid deyil – uşaqların izlədiyi filmlər, dinlədikləri musiqilər də bu təsiri yaradır. Uşaqlar daha çox gördüklərini parodiya etməyə meyllidirlər. Nə göz önündədirsə, onu ən doğru qəbul edir və onu istəməyə başlayırlar. Gəlincikdə nə görürlərsə, düşünürlər ki, onlar da elə olmalıdır və özlərini həmin oyuncaqlara bənzətməyə çalışırlar.

 

Təbii ki, bu şəkildə böyüyən uşaqlar yeniyetmə dövründə komplekslər yaşaya bilərlər. Bədən quruluşlarını qüsur kimi qəbul edib onu gizlətmək və ya dəyişmək istəyə bilərlər. Görünüşlərini dəyişmək üçün estetik əməliyyatlara müraciət edənlərin sayı da artır. Bu cür prosedurlara marağın artmasının bir səbəbi də məhz budur – cəmiyyətdə “gözəllik alqısı” adı altında yaradılmış standartlara uyğunlaşmaq arzusu. Bu ehtiyaclar uşaqlıq dövründən fərqində olmadan yaranır. Sorğulamadan qəbul edilən bu təsirlər nəticəsində fərdlər özlərini özgüvənsiz, dəyərsiz və yetərsiz hiss edə bilərlər. Çünki uşaqlıqdan etibarən bu hisslər onlarda formalaşır və zamanla daha da güclənə bilər.

 

Əgər bu gəlinciklərin uşaqların özünə inamına təsirini dəyərləndirsək, mənfi tərəflərinin üstün olduğunu deyə bilərik. Yuxarıda sadalanan hallar buna sübutdur".

 

Həmçinin psixoloq bildirib ki, fiziki qüsurlu uşaqlar üçün təqdim edilən Barbi modelləri isə psixoloji baxımdan çox faydalı bir layihədir:

 

"Daun sindromlu, görmə və eşitmə məhdudiyyətli uşaqlar üçün uyğun gəlinciklərin hazırlanması həm marketinq baxımından uğurludur, həm də təqdirəlayiqdir. Bu, sadəcə müəyyən bir görünüşə sahib uşaqlara yox, fiziki fərqlilikləri olanlara da xitab edir. Belə gəlinciklərin hazırlanması fiziki olaraq fərqli olan uşaqlar, yeniyetmələr üçün çox müsbət təsirə malikdir. Bu uşaqlar artıq özlərini toplumdan ayrı hesab etməyəcəklər.

 

Məsələn, eşitmə cihazı taxan bir uşaq normal Barbi görəndə sual verə bilər: “Niyə onun qulağında cihaz yoxdur, amma məndə var?” və ya “Niyə mənə bənzəyən Barbi yoxdur?” Belə suallar yaranmaması üçün bu cür gəlinciklər çox önəmlidir. Psixoloji baxımdan bu, komplekslərin və özgüvənsizlik hisslərinin qarşısını almaqda kömək edir".

 

Eyni zamanda psixoloq bildirib ki, uşaqlarda fərqliliklərə hörmət və empatiya hissinin formalaşmasında bu tip oyuncaqların təsiri böyükdür:

 

 

"Belə gəlinciklər təkcə fiziki məhdudiyyətli uşaqlara deyil, digər uşaqlara və valideynlərə də mesaj verir. Uşaqlar görürlər ki, insanlar fərqli ola bilər və bu, normaldır. Bu, onları digərlərini cəmiyyətdən fərqləndirməməyə təşviq edir.

 

Məsələn, uşaqlar arasında çox rast gəlinən hallar var: kiminsə gözünü, dərisinin rəngini və s. lağa qoymaq. Bu cür ifadələrin qarşısını almaq, uşaqlarda düzgün yanaşma formalaşdırmaq üçün belə oyuncaqlar faydalıdır. Empatiya hissini artırır və uşaqlar arasında hörmət hissini gücləndirir. Bütün hallarda, bu layihənin həm uşaqların psixoloji sağlamlığı, həm də cəmiyyətin sağlam formalaşması baxımından çox müsbət təsiri var".

 

Nigar Həsənzadə