Trampdan diplomatik səhv

Bölmə: Dünya › ,
Tarix: 20:41 10.07.2025

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Afrika liderləri sammitində çıxışı zamanı Liberiya Prezidenti Cozef Boakai ilə bağlı söylədiyi sözlərlə növbəti diplomatik qalmaqala səbəb olub.

Sammit zamanı Prezident Boakai-nin ingilis dilində etdiyi təqdimatdan sonra Tramp onu “Nə gözəl ingiliscə danışırsınız”,- deyərək tərifləyib və üç dəfə İngilis dilini harada öyrənmisiniz?- sualını verib. Boakai isə sakit şəkildə “Liberiyada öyrəndim” cavabını verib.

 

Tramp çıxışına davam edərək “Masanın ətrafında sizin qədər gözəl ingiliscə danışa bilməyən başqa insanlar da var”,- ifadəsini işlədib.

Lakin Trampın tərif kimi görünən bu sözləri diplomatik səhv kimi qiymətləndirilib. Çünki ingilis dili Liberiyanın rəsmi dilidir. 1822-ci ildə azad edilən amerikalı afroamerikalılardan qurulan Liberiyada ingilis dili həm təhsil, həm də rəsmi işlərdə əsas ünsiyyət vasitəsidir. Prezident Boakai də bu dil mühitində yetişən bir şəxsdir.

Trampın bu sözləri sosial mediada və mətbuatda geniş rezonans doğurub. Bir çox şərhçilər ABŞ Prezidentinin Afrika ölkələri ilə bağlı məlumatsızlığını bir daha ortaya qoyduğunu bildiriblər. Bəziləri bu fikirləri “üstünlük kompleksi” və ya “irqçi etinasızlıq” kimi dəyərləndiriblər.

Diplomatik dairələr isə bu kimi açıqlamaların Afrika ölkələri ilə əlaqələri gücləndirməyi hədəfləyən sammitin məqsədinə kölgə sala biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Haber Global 

Nuray Əliyeva