Leyla Rəşidin Ankarada Beynəlxalq Xocalı Simpoziumda “Cəzasız cinayət” filmi
Bölmə: Hadisə › ,Tarix: 13:31 02.03.2018
Azərbaycanın Türkiyədəki səfirliyinin, Ankaradakı Yıldırım Bəyazid Universitetinin, TİKA və Tarixdaş Xalqlar Dərnəyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan beynəlxalq simpozium keçirilib.
Ankaradakı Yıldırım Bəyazid Universitetində keçirilən simpoziumda Azərbaycan, Türkiyə və digər ölkələrin tanınmış tarixçiləri, parlament üzvləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Simpoziumda Bakı Dövlət Universitetindən Jurnalistika fakültəsinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid müəllifi olduğu “Cəzasız cinayət” filmi ilə qatılıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Simpoziumun açılışında çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov Xocalı soyqırımının dünyaya çatdırılması, həmçinin erməni yalanlarının qarşısının alınmasın üçün Azərbaycan və Türkiyənin müxtəlif platformalarda əməkdaşlığı, o cümlədən iki ölkənin sosial media istifadəçilərinin birgə fəaliyyəti zəruri olduğunu bildirib.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türk tarix qurumunun sədri, professor Refik Turan, Tarixdaş Xalqlar Dərnəyinin sədri Əhməd Baba və digər çıxış edənlər bildiriblər ki, bu cür simpoziumlar Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən soyqırımı olaraq tanınmasına mühüm töhfə verəcək.
Sonra Xocalı soyqırımı ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən hazırlanan film nümayiş olunub. Tarixi-publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi və psixoloji aspektləri təqdim olunur.
Elmi-siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim olunur. Filmdə əsir və girov düşmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin faciə qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu genosidin təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.
Filimdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlıq Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.