TÜRK-AY-ın birinci konqresi keçirilib

Tarix: 23:05 16.07.2025
İyulun 16-da Azərbaycan Respublikası Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə Konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans və Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresi keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, konfransda iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakıda Zəfər parkı ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.
Konfransın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və tədbir üçün hazırlanmış videoçarx nümayiş olunub.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus, Gürcüstan, Moldova, Serbiya, İraqın konstitusiya ədalət mühakiməsi orqanlarının nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etmək üçün Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə dəvət olunublar.
Həmçinin konfransda Milli Məclisin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının rəhbər şəxsləri və nümayəndələri, insan hüquqları üzrə müvəkkil (ombudsman), habelə bir sıra məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransı açaraq Konstitusiyamızın 30 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, burada səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
F.Abdullayev xüsusi vurğulayıb ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.