Moskva-Bakı münasibətləri gərginləşib

Bölmə: Siyasət › ,
Tarix: 19:30 24.07.2025

Rusiya və Azərbaycan arasında münasibətlər gərgin mərhələdədir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər çətin mərhələdən keçir. Onun sözlərinə görə, Rusiya bu vəziyyətin uzunmüddətli olmasının əleyhinədir və Azərbaycan tərəfindən saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi bu prosesin yumşalmasına töhfə verə bilər.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, gərgin münasibətlər Rusiyanın Azərbaycana qarşı əsassız aqressiyası zəminində mülki təyyarəmizin vurulması ilə başlayıb:

 

"İmperiyalist əhval-ruhiyyə ilə qonşu və region ölkələr üzərində hegemonluq nümayiş etdirmək istəyən Rusiya təyyarəmizin vurulmasına görə üzr istəməyib, təzminat ödəməyib və cinayətkarları cəzalandırmayıb. Üstəlik də Rusiyanın müxtəlif vilayətlərində dinc yaşayan soydaşlarımıza qarşı qanunsuz addımlar atıb, onları saxta ittihamlarla həbs edib, hətta öldürüb. Bunun müqabilində Azərbaycana hansı şərti qoya bilər? Əvvəlcə bu hadisələrə aydınlıq gətirilməli, səbəbi izah olunmalı və Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir. Rusiya onsuz da Ukrayna müharibəsinə görə dünyada və əsasən də bölgədə etibarını, etimadını, təsirini itirməkdədir. Onun yerini əsasən sülh, sabitlik, təhlükəsizlik, iqtisadi inkişafı önə sürən Türkiyə tutmaqdadır. Hətta Ermənistanın özü belə seçim qarşısında qalsa, Rusiyanı deyil, Türkiyəni seçə bilər. Əsasən Rusiyanın siyasi kursuna uyğun addımlar atan İran da bu reallıqla barışmağa məcbur olacaq. Çünki Rusiya Suriyanın sabiq rejimini də İran qədər dəstəkləyirdi. Lakin həlledici məqamda Türkiyə ilə razılaşmağa məcbur oldu".

 

Ekspert həmçinin bunu bildirib ki, Azərbaycanın Ermənistan ilə qaçılmaz sülh müqaviləsi prosesi və bunun yaratdığı reallıq Rusiyanın apardığı yanlış siyasət ilə uzlaşmır:

 

"Artıq hədə-qorxu ilə, təhdidlə, separatçılıq və yeni münaqişələr yaratmaqla Rusiya bu ölkələri təsir altına sala bilmir. Ermənistandakı keşişlər üsyanı da effekt verməyib. Əksinə, Ermənistan hakimiyyəti kilsədə islahatlara start verib, yeni qanun qəbul edərək onların siyasətə qarışaraq Rusiyanın yaxud başqa xarici qüvvələrin təsirinə düşməsinin qarşısını alacaq. Bu, ola bilsin, 90-cı illərdə mümkün olardı, ancaq indi reallıq tam başqadır. Ələlxüsus da hadisələr tam aydın şəkildə göz qabağındadır ki, bu məsələdə Rusiya açıq-aşkar Azərbaycana qarşı böyük haqsızlıq edib. Şübhəsiz ki, törədilmiş hadisələrə görə üzr istənilərək Azərbaycanın haqlı tələbləri yerinə yetirilərsə, qonşu dövlət olaraq münasibətlərin də normallaşması təbiidir. Əgər Rusiya buna uyğun müvafiq addımlar atmasa, yalnız özünə ziyan vuracaq. Qüdrətli və qalib bir qonşu ilə öz səhvinə görə münasibətləri korlamaq Rusiyaya fayda gətirə bilməz. Əksinə, Qərbi, ABŞ-ni Azərbaycana yaxınlaşdıraraq mövqeyini möhkəmlədəcək".

 

Gülhüseynova Güllər