“Rusiya bu addımla Qərbi aldatmaq istəyir” -Zeynal Əmrəliyev

Bölmə: Siyasət › ,
Tarix: 19:38 24.07.2025

Rusiya Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın hazırda etmək istədiyi məsələ Qərbin sanksiyaların yayınmaqdır:

 

“Buna görə də özünü Ukraynada humanitar məsələlərin dəstəkləyicisi kimi göstərmək istəyir. Faktiki olaraq Rusiya danışıqlarda aktiv mövqe tutduğunu nümayiş etdirmək istəyir. Eyni zamanda da bu kimi məsələlər irəli sürür ki, humanitar qruplar yaradılsın, Ukraynaya humanitar məsələlərdə yardım göstərilsin. Bu təbii ki, Qərbi aldatmaq üçün irəli sürülən addımlardır. Danışıqların getdiyi müddətdə Ukraynanın iri şəhərlərinin Rusiyanın kütləvi şəkildə bombalandığına şahid oluruq. Eyni zamanda da bu cür təşəbbüslərlə çıxış edərək özünə qarşı Qərbin gələcək iqtisadi sanksiyalarından yayınmaq istəyir”.


Ekspert qeyd edib ki, Rusiyanın iqtisadi vəziyyəti çox bərbad gündədir:

 

“Dəfələrlə bu barədə Mərkəzi Bank rəhbərliyi Kremlə müraciət ünvanlayıb ki, artıq bank sistemində çöküş baş verib. Rusiyanın bank sistemi çökür. Əgər normal fəaliyyət göstərməsələr, yəni Kreml üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, Rusiyanın bank sistemini çox ciddi şəkildə böhran gözləyə bilər. Bu yaxınlarda keçirilən iqtisadi şuranın iclasında da dövlət şirkətlərinin rəhbərləri və Mərkəzi Bank rəhbərliyi arasında çox kəskin qarşıdurma yaranıb. Ümumilikdə Rusiyanın iqtisadi vəziyyəti gərgindir. Qərbin növbəti sanksiya hədəfinə tuş gəlmək istəmir. Bunlar təbii ki, aldadıcı manevrlərdir. Bir tərəfdən hücumları davam etdirir, çox böyük ehtimalı yeni hücumları davam etdirəcək. Rusiyanın əsas niyyəti Donetsk vilayətinin qalan hissəsini də işğal edərək bütünlüklə bölgəni ələ keçirməkdir. Rusiya buranı Yeni Rusiya adlandırır. Ukraynanın bu torpaqlarının özünə birləşdirmək siyasətini həyata keçirir. Bu kimi aldadıcı bəyanatlar Ukraynaya arxayınlıq verməməlidir. Belə humanitar aksiyaları dəstəkləmək olar. Ancaq Ukrayna üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.


Nuray Əliyeva