İsrail hökümətinin dini-ideoloji siyasəti

Tarix: 19:46 24.07.2025
İsrail parlamenti İordan çayının qərb sahilinin ilhaqına dair qətnaməni qəbul edib. Bu addım regionda gərginliyi artırmaqla yanaşı, beynəlxalq münasibətlərə də təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin sionist ideologiyası üzərindən yürütdüyü xarici siyasətin başlıca məqsədi İsrail ərazilərinin genişləndirilməsidir:
"Bu dini-ideoloji xətt bir sıra dövlətlərin milli təhlükəsizliyini təhdid edir. Bura Livan, Suriya, İordaniya, eyni zamanda Türkiyə və Misir daxildir. Ona görə də hesab edirəm ki, nə qədər İsrail hökümətində sionist ideoloji düşüncə hakim mövqedə olacaq, o zamana qədər də İsrailin Yaxın Şərq ölkələri ilə problemli münasibətləri nəinki davam edəcək, hətta daha gərgin fazaya keçəcək. Hazırda İsrailin düşdüyü durum, yəni daxildə kütləvi psixoz vəziyyət, eyni zamanda Netenyahuya qarşı olan etirazlar, həmçinin hökümətdaxili çatların kökündə yürüdülən uğursuz xarici siyasət dayanır. Netanyahu təbii ki, bu ideoloji düşüncənin diktə etdiyi xətti yürüdərkən Qəzzada uğursuzluğa düçar oldu və İsrail dövlətini təhdid edən bir sıra faktorların meydana gəlməsinə şərait yaratdı. Digər tərəfdən Netanyahuya qarşı daxildə ola korrupsiya iddiaları getdikcə güclənir. Netanyahu həm də bu problemlərin arxa plana keçməsi üçün İrana da zərbələr endirdi. Bununlada "qalib lider" imici formalaşdırmağa çalışdı. Amma görünən odur ki, nəticə əldə edə bilmədi. Ona görə də, Netanyahu onun siyasi taleyi ilə bağlı ciddi problemlərin olduğunu görür. Belə olan halda təbii ki, İsrail ictimai rəyinə müəyyən uğurlar təqdim etməyə çalışır. O, İsrail tarixində yeganə liderdir ki, onun dönəmində İsrail ərazilərini 20% genişləndirə bilib. Bu Suriyanın Qolan təpələri və ətraf əraziləri ilə bağlıdır. Eyni zamanda, Livan və digər ölkələr də hədəfdədir. Bu baxımdan Yaxın Şərqi çox gərgin bir vəziyyət gözləyir. Amma İsrail hökümətinin yürütdüyü siyasət ABŞ-nin maraqlarına zərbə vurur".
Politoloq həmçinin eyd edib ki, son proseslər onu deməyə əsas verir ki, ABŞ Türkiyə üzərindən Yaxın Şərq siyasətini müəyyən etməyə çalışır:
" NATO-da müttəfiq olduğu Türkiyə ilə münasibətləri normallaşdırmaq və Yaxın Şərqdə Türkiyə ilə bərabər hərəkət etmək istəyir. Bunu da İsrail höküməti özünə təhdid hesab edir. Buna görə Türkiyənin Suriyada möhkəmlənməsinin qarşısını almağa çalışan Netanyahu höküməti Türkiyənin yerləşəcəyi potensial hərbi bazaları hədəfə çevirir. Ona görə də çalışır ki, Türkiyənin Suriyada hərbi mövcudluğunu maksimum ləngitsin. Netanyahu höküməti ilə istər Tramp, istərsə də müxtəlif Qərb dövlətləri arasında ciddi problemlərin oluğunu görürük. Əlbəttə, Netanyahunun yürütdüyü dini-ideoloji faktorlar əsasında formalaşan bu siyasi xətt artıq dünya ictimai rəyində də mənfi reaksiyalara səbəb olur. Xüsusilə, Avropa İttifaqı ölkələri, eyni zamanda bir sıra dünya ölkələri və ictimaiyyəti Netenyahunun siyasətini kəskin tənqid edirlər. Beləliklə, İsrailin müttəfiqi olan bir sıra Avropa İttifaqı ölkələri, o cümlədən Böyük Britaniya ilə problemlər yaranır".
O əlavə olaraq, bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarı verməsi İsrailin diplomatik manevr imkanlarını da məhdudlaşdırır:
" İsrail lideri ən yaxın müttəfiqi olan Böyük Britaniyaya səfər edə bilmir. Hesab edirəm ki, İsrailin genişlənmə siyasəti, işğal niyyətləri onu dünya siyasətində daha ciddi hədəfə çevirəcək. Druzlar üzərindən və digər istiqamətlərdən Suriyaya qarşı yürütdüyü siyasət uğursuzluğa düçar olur. Bu da onu deməyə əsas verir ki, İsrail hökümətinjn problemləri getdikcə daha da dərinləşəcək. Hesab edirəm ki, bu faktorlara nəzər salsaq, o zaman İsrail hökümətinin hakimiyyətdə qalma şansının azaldığını deyə bilərik".
Billurə Quliyeva