İnformasiya daşqalağı...

Bölmə: MEDİA › ,
Tarix: 12:56 24.10.2019

Yazıçı İlqar Rəsul Azərbaycan gəncliyinə müraciət etdi. İnformator.az müraciətin mətnini təqdim edir: "90-cı ilərin axırları idi. Qəzetdə rəhbər vəzifədə çalışırdım. Bir gün yeni başlayan müxbirlərdən biri təngənəfəs gəldi ki, təcili mənə diktofon, fotokamera verin, müsahibəyə gedirəm. Adam yığışıb qapıdan çıxanda onu saxladım. Kimdən müsahibə götürməyə gedirsən?-soruşdum. Dedi "Əbülfəz Elçibəydən, danışıb razılaşdırmışam". Qoymadım o müxbiri müsahibəyə getməyə. Sonra həmkarlardan biri soruşdu ki, niyə qoymadınız, Elçibəylə müsahibə etsin, maraqlı olmazdı? Dedim, maraqlı olardı əlbəttə, amma bu adam indiki səviyyəsi ilə gedib onun qarşısında otursa, bir neçə sualdan sonra Elçibəy düşünəcək ki, gör bu qəzetin rəhbərləri nə ağıldadılar ki, mənim üstümə təcrübəsiz birini göndəriblər...
Nəyi demək istəyirəm? Dünən baxıram, bir gənc müxbir bir gənc, xanımdan müsahibə götürür. Xanım deyir ki, "filankəs filankəsi məhz erməni olduğuna görə öldürüb, bu düz deyil". Sualverənin ağlı və səviyyəsi çatmır desin ki, anam-bacım, ay gözəl insan, əgər filankəsin məqsədi məhz erməni öldürmək idisə, gəlib onu Bakıda edərdi də, day cəbhə xəttini keçib özünü niyə ölümə verirdi?
Əslində müsahibdən bunu soruşmağa çox da yüksək intellekt lazım deyil ey, sadəcə bir az işini bilmək kifayətdir.
Nə isə... İndi burdan o sualı verən və o cavabı verən gənc soydaşlarımıza demək istəyirəm ki: Əzizlərim, müharibədə cəbhə xəttinin nə o üzündə, nə də bu üzündə millət olur, hər iki tərəfdə düşmən olur. Və əgər o düşmən, sənin Məmləkətinin ortasında qazdığı səngərdədirsə, sən onu nəinki yatdığı yerdə, hətta yemək yediyi, su içdiyi yerdə də qətlə yetirməlisən. Hər imkanda yəni. Bu sənin təkcə əsgər borcun deyil, həm də yaşamaq hüququndu, çünki əks halda o səni mütləq öldürəcək və səngəri gətirib bir az da irəlidən qazacaq. Çünki o işğalçıdır.
Ona görə də, xüsusilə işğala məruz qalmış toplumdan belə məsələlərdə etika gözləmək, ən azı cığallıqdı. ƏZİZ GƏNCLƏR, əlbəttə ki, hər bir məsələdə obyektiv olmaq yaxşı şeydi. Amma bəzən Millətin və Məmləkətin taleyində elə dönəmlər olur ki, orda bir sıra obyektivliklər özləri belə Vətənə, Millətə xəyanət sayılır. Həmin dövr üçün yəni. Sonradan tarix əlbəttə ki, belə "obyektiv gerçəklikləri" cəsarətli addım kimi də dəyərləndirə bilir. Amma bizim situasiyada indimiz sabahımızdan daha önəmlidir. Çünki məhz bu günümüzün gələcəyimizi - BÜTÖVLÜKDƏ TALEYİMİZİ həll etdiyi dönəmdə yaşayırıq. Və bu elə bir dönəmdir ki, bizi təkcə ermənilər yox, həm də onların tərəfdarı olan bir çox başqaları hər tərəfdən qapazlayırlar. Özü də şər, böhtan atmaqla, adımızı ləkələməklə, təkcə torpaqlarımızı yox, tariximizi, mədəniyyətimizi mənimsəməklə qapazlayırlar. Biri ABŞ-da çəkdiyi filmdə Azərbaycan ərazisini Ermənistan kimi göstərən xəritə nümayiş etdirməklə, biri Fransada muziqimizi erməni musiqisi kimi dünyaya təqdim etməklə, biri BMT-də çıxışı zamanı daxilində 30 mindən çox erməni yaşayan Azərbaycanı ermənilərin hüquqlarını pozmaqda ittiham etməklə və s vurur bu qapazı. Bunu informasıya daşqalağı da adlandırmaq olar. Heç, daşqalaq edilən insanın sonda nə hala düşdüyünü görmədinizmi? Dediyim, sizdən ricam odur ki, gəlin belə bir ağır vaxtda hərəmiz bir qapaz da özümüz özümüzə vurmayaq. Ən azı ərazi bütövlüyümüz təmin oluncayadək heç olmasa... HƏR BİRİNİZƏ UĞURLAR!"