“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırılıb-Qaliblər sevinclərini bölüşdülər

Bölmə: MEDİA › ,
Tarix: 08:02 04.12.2023

Noyabrın 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Yeni media mühitində təhsil və məşğulluq imkanları” “MEDİAlab” layihəsinin hesabat konfransı keçirilib.

 

İnformator.az xəbər verir ki, tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı sayəsində təşkil edilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-ə yaxın gəncə mükafatlar təqdim edilib.

 

"Kreativ Media - Bakı" adlı müsabiqədə 1-ci yeri "Xəzərin Dalğası " adlı layihə ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Nəzrin Xankişiyeva , Nəzrin Süleymanova, Türkan Nəcəfova tutublar.

 

Qaliblər İnformator.az-a açıqlamasında öz təəssüratlarını bölüşüblər.

 

Qalib Nəzrin Xankişiyevanın sözlərinə görə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və digər müəllimlərin qarşısında mükafatlandırılmaq olduqca sevindirici bir hissdir.

 

“Bakı Dövlət Universitetində təhsil almaq mənim üçün çox qürurverici bir hissdir. Universitetimizi təmsil etmək isə məni daha çox qürurlandırır. Müsabiqəyə qatıldıqda komanda olaraq 1-ci yeri tutmağı çox istəyirdik. Bununla yanaşı məsuliyyət hissimiz də artmışdı. Çünki bu bizim universitetimizin adına əldə edəcəyimiz ilk uğurumuz olacaqdı. Qalib olduğumuzu biləndə isə həm çox qürurlandıq, həm də çox sevindik”.

 

Nəzrin Xankişiyeva düşünür ki, belə layihələr yenidən təşkil olunsa, mütləq iştirak edəcək.

 

“Çünki təcrübələrimizin daha da çoxalmasına əhəmiyyətli dərəcədə təsir edir".

 

Qalib Nəzrin Süleymanova isə deyir ki, bu uğur onları həyatda bir pillə önə apardı.

 

"Qalib olduğumuzu eşitdiyimiz an sözsüz ki, qürur hissi yarandı. Qürur hissi ilə yanaşı, həm də məsuliyyət özünü göstərməyə başladı. Çünki qazandığımız uğur bizi bir pillə önə apardı,bizə etimad yaratdı”.

 

Nəzrin Süleymanovanın sözlərinə görə, onlar bu etimadı sona qədər qorumağa çalışacaq.

 

“Belə lahiyələr olsa, yenə həvəslə iştirak edərəm".

 

Qalib Türkan Nəcəfova isə düşünür ki, Bakı Dövlət Universitetini təmsil etmək çox qürurverici hissdir.

 

"Bu universiteti təmsil etmək, hələ ki I yer ilə təbii ki, də qürurvericidir. Qalib olduğumuzu eşidəndə çox sevindim. çünki qatıldığım ilk müsabiqə idi”.

 

Türkan Nəcəfova qeyd edir ki, belə layihələr yenidən təşkil olunsa, iştirak edəcək.

 

“Belə layihələr yenidən təşkil olunsa təbii ki də qatılmağı düşünərəm, çünki belə layihələr gələcək kariyeramıza da əhəmiyyətli təsir edir".

 

Biz də öz növbəmizdə mükafatlandırılan gənclərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Aydan İsayeva