Mediada rəqəmsallaşma- Ənənəvidən yeniliyə keçid

Tarix: 20:07 19.05.2025
Son onilliklərdə texnologiyanın sürətli inkişafı həyatımızın bir çox sahələrini dəyişdiyi kimi, media sektoruna da köklü təsirlər göstərib. Ənənəvi media vasitələrinin yerini getdikcə rəqəmsal platformalar tutur. Bu proses “mediada rəqəmsallaşma” adlandırılır və bu gün media istehsalından istehlakına qədər hər mərhələdə özünü göstərir. Bəs mediada rəqəmsallaşma özünü ənənəvi medianın hansı istiqamətlərində daha çox biruzə verir?
Qeyd olunan suala cavab olaraq isə demək olar ki, bizlər ənənəvi medianın hər bir sahəsində qeyd olunan yenilikləri daim müşahidə edirik. Yaxın illərdə formalaşan rəqəmsal media demək olar ki, ənənəvi medianı arxa plana çəkməyə nail olub. Artıq informasiya axını daha sürətli və davamlı şəkildə çap, radio və televiziya kimi ənənəvi vasitələrlə deyil, internet, sosial şəbəkələr, mobil tətbiqlər və digər rəqəmsal platformalar vasitəsilə yayılmağa başlayıb. Ənənəvi mediadan rəqəmsal mediaya keçid yalnız texnoloji yenilənməni deyil, eyni zamanda məzmunun istehsal, yayım və istehlak formalarının dəyişməsini də əhatə edir.
Hazırda qəzet və jurnalların oxucu kütləsi əhəmiyyətli dərəcədə azalıb. İnsanlar artıq xəbərləri öz zamanlarına qənaət edərək mobil cihazlar vasitəsilə izləməyi üstün tuturlar. Bunun səbəbi isə bu üsulla informasiya proseslərinin daha rahat şəkildə həyata keçirilmə imkanlarının formalaşmasıdır.
Televiziya və radio sahəsi günümüzdə onlayn versiyalar yaradaraq auditoriyanı saxlamağa çalışır. Bu transformasiya ənənəvi media qurumlarını rəqəmsal strategiyalar hazırlamağa və yenilikçi məzmun formatlarına keçməyə məcbur edir.
Rəqəmsallaşmanın ən böyük təsirlərindən biri sosial medianın güclənməsi və informasiya istehsalında hər bir şəxsin iştirakçıya çevrilməsidir. Facebook, Instagram, Twitter (X), TikTok kimi platformalar vasitəsilə istifadəçilər informasiya yayır, hadisələrə reaksiya verir və ictimai fikrə təsir göstərirlər. Bu isə “vətəndaş jurnalistikası” anlayışını formalaşdırır. Artıq insanlar informasiyanı özləri ala, onu saxlayıb, emal edə bilir və eyni zamanda heç bir sərhəd tanımadan onu yaya bilirlər. İnformasiya proseslərinin günümüzdə bu qədər sürətli şəkildə həll olunması məhz rəqəmsallaşmanın üstünlüklərindən hesab edilə bilər.
Bu üstünlüklərə operativliyi, interaktivliyi, çevikliyi və daha geniş auditoriyaya əlçatanlığı əlavə etmək olar. Rəqəmsallığın müsbət tərəfləri olduğu kimi, mənfi tərəflərini də müşahidə etmək olur. Yuxarıda qeyd etdiyimiz kimi, artıq ictimaiyyət özü informasiyanı yaradır və onun emalı və yayılması proseslərini həyata keçirir. Bu isə öz növbəsində böyük informasiya axınının yayılmasına gətirib çıxarır. Beləliklə, yalan və saxta xəbərlər formalaşır.
Rəqəmsal mediada isə dezinformasiyalar sürətli şəkildə yayılır. Bu zaman ənənəvi mediadan fərqli olaraq, məzmun keyfiyyəti aşağı düşür və jurnalistikanın peşə standartlarından kənara çıxılır. Bütün bunlara baxmayaraq, günümüzdə texnologiya sürətli şəkildə inkişaf edir və digər sahələr kimi media sahəsi də bu inkişafla ayaqlaşmağa çalışır. Bu proses özü ilə birgə müəyyən qədər yeni imkanlar gətirsə də, bir sıra etik və sosial problemlər də yaradır. Bu səbəbdən rəqəmsal medianın inkişafı zamanı həm texnoloji, həm də humanitar yanaşmalar paralel düşünülməlidir. Media istehlakçısı olaraq hər bir fərdin informasiya savadlılığı səviyyəsi artırılmalı, eyni zamanda media qurumları da öz fəaliyyətlərində yeni strategiyalar hazırlamalıdır.
Mətin Ələsgərov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi