Bu il keçid balları artacaq?-Kamran Əsədov AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 15:46 08.04.2024

“2024-cü il 3 və 10 mart tarixlərində keçirilən buraxılış imtahanlarından yalnız ilkinin nəticələri elan olunub. 3 Mart tarixində keçirilən imtahanda 52 mindən çox abituriyent iştirak edib. Göstərilən nəticələrə əsasən, 14 şagird onlara verilən bütün test tapşırıqlarına doğru cavab verərək maksimum bal toplayıb”.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, ötən illə müqayisədə bu kifayət qədər yüksək göstəricidir.

“Məsələn, 2023-cü il buraxılışına nəzər salsaq, ilk mərhələdə yalnız bir abituriyent 297 bal toplayaraq, yüksək nəticə göstərib. Ancaq bu il qeyd olunan göstərici sayı 14 nəfərə yüksəldi. Yenədə, bu o demək deyil ki, keçid ballarında artım müşahidə olunacaq”.

 

Kamran Əsədov bildirib ki, bəzən bizim abituriyentlər müsabiqə şərtləri ilə keçid balı anlayışlarını qarışdırırlar.

“Müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi (DİM) Nazirləri Kabineti ilə razılaşdırmaya əsasən müəyyənləşdirilib. Ümumi balı 150-200-dən çox olan abituriyentlər ixtisas seçimlərində iştirak edə bilərlər. 14 nəfərin maksimum nəticə göstərməsi abituriyentlər arasında balların qalxma təhlükəsinin yaranmasına səbəb olub. Lakin əldə olunan nəticə ilk imtahanın göstəriciləridir”.

 

Ekspertin sözlərinə görə, digər buraxılış imtahanlarının nəticələri və ötən ilin məzunlarının göstəriciləri açıqlanmadan balların qalxma təhlükəsini indidən proqnozlaşdırmaq doğru deyil.

“Eyni zamanda isə bu ildən ali təhsil müəssisələrinin qəbul plan yerlərində belə artım müşahidə olunur. Belə ki, 2010-cu ildə ali təhsil müəssisələri üzrə plan yeri 29 min idisə, bu ildən həmin göstərici 60 mindən yüksəkdir. Həmçinin, bu ildən ökəmizdə Qarabağ universiteti, Türkiyə-Azərbaycan, İtaliya-Azərbaycan kimi yeni ali təhsil müəssisələri fəaliyyətə başlayacaq. Bundan əlavə, ADA və BDU kimi təhsil müəssisələrində yeni ixtisaslar üzrə qəbul planı həyata keçiriləcək”.

 

Kamran Əsədov düşünür ki, bu il abituriyentlərimizin qəbul şansı kifayət qədər yüksəkdir.

“İmtahanda göstərilən yüksək nəticələrə görə gənclərimizin narahat olmasına dəyməz. Əldə edilən bu göstəricilər isə son illərdə Elm və Təhsil Nazirliyinin məktəblərə nəzarətinin gücləndirilməsi ilə bağlıdır”, - deyə ekspert yekunlaşdırıb.

 

Həcər Əmiraslanlı