Səhvlər bizi niyə düzgün yola yox, ölümə aparmalıdır?

Bölmə: Sosial › ,
Tarix: 18:27 19.04.2024

Görəsən, tək bizim ölkəmizdə intihar çıxış yolu olur, yoxsa dünyada da belədir?! Candan şirin heç nə yoxdur deyən cəmiyyətin üzvü niyə intiharı çıxış yolu bilir?

Bəlkə günah heç bizdə də deyil, elə bəlkə də bizdədir. Yenə bir intihar xəbəri ölkəni silkələdi. BDU-nun fərqlənən, seçilən 4-cü kurs tələbəsi Ramil Nəsirov öz canına qıydı. Hələlik hadisənin səbəbləri ictimaiyyətə məlum deyil.

Gəlin baş verən intiharların bir neçəsinin səbəbinə baxaq: "Borcum çox idi, ailəm basqı edirdi, sevdiyim insan məni sevmirdi, sevilən insan deyildim, səhvlərim var idi, yaxşı övlad deyildim". İntiharların səbəbi sanki eyni olur: səhv edib qorxmaq, çıxış yolu olmadığını düşünmək, basqı və s. Sizcə də, səbəb sadə deyil? 

Daha səbəb önəmli də deyil, çünki nəticəni dəyişməyəcək.

Bu olaydan sonra o qədər suallar yaranır ki, bilmirsən hansına cavab tapasan. Biz nə zaman bu qədər iradəsiz olduq? Səhvlər bizi niyə düzgün yola yox, ölümə aparmalıdır? Müstəqil fərdiksə, nədən bu qədər qorxuruq? Çıxış yolunu necə tapaq? 

Əvvəlcə, səhv, bəlkə də, bizdə deyil dedim. Hə, bəlkə də, bizi böyüdən valideynlər, yaşadığımız cəmiyyət , "azadlığımız"dır günahkar...

Həyat axı mübarizədir. Biz səhv edərək öyrənməliyik, niyə səhvdən qorxuruq?

"Səhv etmə, səhv etsən hər şey bitər, səhv etsən, hamı sənə düşmən olacaq, səhv etsən, həyatın məhv olacaq, səhv etsən....."

Bəlkə də, bizə səhvin niyə səhv olduğu düzgün öyrədilməyib. İradəmiz o qədər zəifləyib və ya zəiflədilib ki, ömrümüzün yazına öz əllərimizlə payız gətiririk? 

Kim bilir, o intahar edənlərin nə qədər arzuları var idi, bəlkə də, çox xoşbəxt olacaqdılar...

Düşünürəm ki, ölkəmizdə psixoloji sahənin inkişaf etməsi zəruri hala gəlib. Tək gənclər deyil, valideynlər, ümumiyyətlə,cəmiyyət psixoloji cəhətdən maarifləndirməlidir. Etiraf edək ki, çoxlarımız psixoloqdan qaçır, psixoloqa müraciət edənləri "dəli" adlandırıq. Bu gün gəncliyin başa düşülməyə ehtiyacı var.

Hər şey mükəmməl olmalıdır deyə qanun yoxdur, səhvlərimiz və düzlərimiz bizi fərd edir. İntihara heç bir şey səbəb ola bilməz.

Cəmiyyət,gəncini "öldürmə", ona sahib çıx.

 

Asiman Hafizqızı