Milyonların sevdası, xaos həyatı-Aydan Qasımova yazır...

Bölmə: Maraqlı › ,
Tarix: 20:45 15.07.2024

Sevmək necə də gözəl duyğudur, elə deyilmi? Təbiəti sevmək, insanlara qarşı gözəl yanaşma sərgiləmək, saf duyğularımızla yaşamaq, dəyər verdiklərimizi anlamağa çalışmaq. 

 

Lakin insanların sevdiyi tək şey heyvanlar, ailə anlayışı, ya da hobbiləri deyil. Bizlər, həmçinin xaosu da sevirik. Xoş səslənən yalanları, qeybəti, bir başqasının göz yaşlarına boğulmasını ya da bizdən aşağı statusa sahib olmasını seyr etmək istəyirik. 

 

Sevirik qorxuları, qurxu ilə insanları idarə etməyi, qorxunu güc olaraq görməyi, ən asanı seçməyi. Sevirik sıradan, monoton görünməmək üçün "dominant" təsir bağışlamağı və başqası kimi görünməyə çalışmağı. 

 

Sevirik başqalarından ağıllı hiss etməyi, qarşımızdakını əzməyi, birinin özgüvənsizliyini izləməyi. 

 

Dediklərim içərisindən ən az birini bir vaxtlar ya da hələ də hiss etdiyinizdən o qədər əminəm ki. 

 

İnsanlığıq biz, insanoğluyuq. Xaosla nəfəs alan, sanki onsuz yaşama bacarığı olmayan canlılarıq. Nə olursa olsun, pis hadisə baş versin də haqqında danışaq istərik. Çünki biz sosial heyvanlarıq, sosiallaşmasaq Dünya dövr etməz... 

 

Hər hansı qısqanclıq, yaxud daha betərini hiss etməmiz çox normaldır, əslində, çünki bu bizim varlığımıza kodlanmış rəngarəng naxışlar kimidir. 

 

Üzücü olan bunları gündəlik həyatının bir parçasına çevirən şəxslərdir, yalan ilə nəfəs alanlardır. Biri qısqanclıqdan ölməsə özünü narahat hiss edənlər, əlində olsa belə yaxşılıq etməkdən çəkinənlər və sevgi, yaxud bənzəri saf duyğuları iyrəncləşdirib yaşayanlardır. 

 

Nə ara bu qədər qaraldı qəlblərimiz? Hansı müddət ərzində bu qədər bağlandıq xaosa? 

 

Dostoyevskinin düşüncəsi, "İnsanların xoşbəxtliyi istərkən, əslində, heç də xoşbəxtliyi istəməməsi" çox anlaşıqlıdır, ancaq bu başqalarına zərər vurmalı olduğumuz anlamına gəlmir. 

 

Doğru olan biri güldüyündə onu ələ salıb sonra "zarafat" adı ilə yola vermək deyil, sevincə şərik olmağı da bacarmaqdır. 

 

Yaşadığımız dövrdə nəinki pis gündə, yaxşı gündə belə əl tutmaq, dəstək olmaq çətin məsələyə çevrilib artıq. Məncə, bunun başlıca səbəbi status, məşhurluq uğrunda aparılan mübarizələrdir, yer üzünü ələ keçirən pul sevdası. Nə qədər vacib və əhəmiyyətli olduğu isə şübhə altındadır və müəmmalı... 

 

Aydan Qasımova