Şəhərlərdə artan ekoloji problemlər: Həll yolları nələrdir?

Bölmə: Sosial › ,
Tarix: 22:11 26.11.2024

Şəhərlərdə artan ekoloji problemlər sağlamlıq və təbiətə ciddi təsir edir. Havanın çirklənməsi, tullantılar və yaşıl zonaların azalması kimi məsələlərə sadə həll yolları ilə yanaşmaq vacibdir. 

 

Bu barədə ekoloq Qorxmaz İbrahimli "informator.az"a açıqlamasında danışıb.

 

 

O bildirib ki, bu problemin həllinin ən sadə yolu bələdiyyələrin seçki yolu ilə təşkil olunmasıdır:

 

"Bu problemi aradan qaldırmağın ən sadə yolu icra hakimiyyətlərini ləğv edib, səlahiyyətləri bələdiyyələrə verməkdir. Bələdiyyə sədrləri təyinatla deyil, birbaşa xalq tərəfindən seçilməlidir. Əgər bələdiyyə seçkiləri seçki yolu ilə formalaşsa, ekologiya ilə bağlı tədbirlərin artımı aydın hiss olunacaq".

 

Ekoloq dizel mühərrikli avtomobillər və betonlaşmanın bu problemdə əsas faktor kimi rol oynadığını da deyib:

 

"Bakının ətrafında böyük sənaye müəssisələri və ya ağır sənaye zavodları yoxdur. Sadəcə, çirklənmə avtomobillər vasitəsilə baş verir. Köhnə avtomobillər gömrük komitəsi vasitəsilə ölkəyə buraxılır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, hazırda hökumətin verdiyi qərarlara əsasən, elektro və hibrid avtomobillərin tətbiqi bu problemləri yavaş-yavaş aradan qaldırır. Ancaq ölkəmizdə olan dizel mühərrikli avtomobillər və köhnə model nəqliyyat vasitələri ətraf mühitə ciddi ziyan vurur.

Əsas problem isə betonlaşmadır. Yaşıllıqlar qırılır, onların yerində binalar tikilir. Yaşıllıqları artırmaq əvəzinə hər yerdə binalar ucaldılır. Bu binalar istiliyi udur, günəşdən gələn enerjini geri qaytarmır. Nəticədə istiliyin artması ilə iqlim dəyişikliyi özünü göstərir. Bu səbəbdən ətraf mühit həm istilikdən, həm də çirklənmədən məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bunun qarşısını almaq üçün xalq, ilk növbədə, şəhər və qəsəbələrdə düzgün seçkilər keçirərək bələdiyyələri özü seçməlidir".

 

Müsahib nitqində su qıtlığının həll yolunu da qeyd edib:

 

"Ekologiyanın korlanmasının qarşısını almaq üçün bir çox üsul göstərmək olar: plastik tullantıların azaldılması, geridönüşümün təbliği və s. Su qıtlığına gəldikdə isə Bakı şəhərinin əhalisi azaldılmalıdır. Yəni regionlar inkişaf etdirilməli və insanlar rayonlara qaytarılmalıdır. Əhalinin azalması nəticəsində su ehtiyacı da azalacaq. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qanun mövcuddur. Hətta bu istiqamətdə xeyli vəsait ayrılıb".

 

Nuray Qurbanlı