Şirkət idarəçiliyində süni intellekt insanlardan daha yaxşı ola bilərmi?
Bölmə: Maraqlı › ,Tarix: 15:36 18.07.2024
ABŞ-da aparılan məhdud bir araşdırma, süni intellekt menecerlərinin iş yerinin bəzi aspektlərində insan menecerləri ilə bərabər fəaliyyət göstərdiyini müəyyən etdi. Beləliklə, süni intellekt idarəetmədə insanları əvəz etməyə başlaya bilərmi?
Kanadanın Vankuver şəhərində yaşayan Hannu Rauma deyir ki, 83 işçini idarə etmək stresi onu ruhdan salır və məyus edir.
Rauma, kiçik biznesə marketinq dəstəyi göstərmək üçün kollec tələbələrini işə götürən Tələbə Marketinq Agentliyində baş icraçı vəzifəsində çalışır.
O deyir ki, şirkət noyabr ayından ABŞ-da yerləşən Inspira adlı şirkət tərəfindən hazırlanmış avtonom süni intellekt menecerindən istifadə etməyə başlayıb və hər şey dəyişib.
Süni intellekt meneceri uzaq işçilərə cədvəllərini təyin etməyə və iş yüklərini əvvəlcədən planlaşdırmağa kömək edir.
Robot menecerləri işçilərin təqvimlərini idarə edir və onlara iş vaxtı üçün xatırlatmalar göndərir. Bundan əlavə, müxtəlif müştərilərə sərf olunan vaxtı qeyd edir və onların düzgün hesablanmasını təmin edir.
Süni intellekt həmçinin menecerlərə yazılı ünsiyyətlərini təkmilləşdirmək üçün təkliflər verir, işlə bağlı suallara cavab verir və mərkəzi portalda bütün işçilərin tərəqqisini avtomatik yeniləyir.
Rauma deyir ki, süni intellekt menecerinə keçid təkcə stress səviyyələrini azaltmır, həm də işçilərə daha sürətli və daha məhsuldar işləməyə imkan verir:
“Mən şirkətin böyüməsinə və digər müsbət şeylərə diqqət yetirə bilərəm".
Rauma əlavə edir ki, işçiləri ilə münasibətləri də xeyli yaxşılaşıb: “İndi biz daha bərabər şəraitdəyik. Əvvəllər biz sadəcə olaraq problemləri həll etməyə çalışırdıq. Amma indi biz daha qayğısız müzakirələr apara bilərik”.
Süni intellekt insan menecerləri ilə işlədikdə məhsuldarlıq artır.
Rauma və onun 83 əməkdaşından 26-sı İnspira və ABŞ-ın Kolumbiya Universiteti, Arizona Dövlət Universiteti və Viskonsin Universitetinin alimləri tərəfindən süni intellekt menecerlərinin performansını insanlarla müqayisə edən tədqiqatın bir hissəsi olaraq süni intellektdən istifadə ediblər.
İştirakçılar üç qrupa bölündülər: birinə insan meneceri, digərinə AI meneceri, sonuncu qrupa isə həm AI, həm də insan meneceri təyin edildi.
Süni intellekt meneceri işçiləri günlərini əvvəlcədən planlaşdırmağa məcbur etməkdə 44 faizlik uğur qazandı və işçilərin 42 faizində vaxtında işə getməyə həvəsləndirə bildi. İnsan idarəçiləri üçün bu nisbətlər yüzdə 45 və 44 faizə çox yaxın idi.
Lakin süni intellekt meneceri bir insan meneceri ilə ortaq işləyərkən, işçilərin iş günlərini əvvəlcədən planlaşdırmaqda 72 faiz uğur qazandı və vaxtında başlama nisbəti 46 faizə yüksəldi.
Tədqiqatın əhatə dairəsi məhdud olsa da, süni intellekt alətlərindən istifadə etməyə başlayan şirkətlər üçün maraqlı nəticələrə işarə edir.
Nəzarət alətinə çevrilməkdən çəkinmək lazımdır
UPS və Dell daxil olmaqla şirkətlər, insanların gördüyü işlərdə süni intellektdən istifadə etmək üçün bu il xeyli sayda iş yerlərini ixtisar edəcəklərini açıqladılar. Bununla belə, Nyu Yorkdakı Kolumbiya Universitetindən professor Paul Thurman, idarəetmə rollarını tamamilə süni intellektlə əvəz etməyin böyük səhv olacağını iddia edir:
"Orta menecment istənilən şirkətdə ən kritik səviyyədir. Bunlar dəyişməyə başlasa, qeyri-müəyyən bir səyahətə çıxmış olursunuz. İşçiləriniz davamlılıq hiss etmir, onlara mentorluq və kouçluq verilmir... (Bunlar) hamısı insan menecerlərinin süni intellektdən daha yaxşı olduğu və əslində diqqət etməli olduğu insan bacarıqlarıdır".
Professor Thurman bildirir ki, süni intellekt menecerləri daha innovativ iş üsullarına hazırlaya bilər.
Bundan əlavə, AI komandada kimin geridə qaldığını müəyyən edə bilər və insan tərəfindən daha yaxından idarə olunmalı ola bilər. Eyni şəkildə, bu, onlara daha çox təsdiqə ehtiyacı olan performans ulduzlarına diqqət yetirməyə imkan verə bilər.
Lakin o deyir ki, şirkətlər süni intellekt menecerlərinin nəzarət alətinə çevrilməsindən çəkinməlidirlər:
“İnsanların nəinki vaxtında olmadıqlarını, həm də nahara çox vaxt sərf etdiklərini və kifayət qədər salata sahib olmadıqlarını anladığınız nöqtəyə gəlmək istəmirsiniz. O qədər uzağa getmək istəmirsən”.
Londonda İnsan Resursları üzrə məsləhətçi Tina Rəhman xəbərdarlıq edir ki, süni intellekt idarəetməsinə həddən artıq güvənmək şirkətləri insan aspektlərinə deyil, yalnız biznes nəticələrinə əhəmiyyət verməyə sövq edə bilər.
"Bir iş üçün bu tamamilə yeni AI sisteminə idarəetməni işçilərinə təhvil vermək və sonra "işdəki təcrübənizə əhəmiyyət veririk" demək çox çətin olacaq".
Müəssisələrin xərcləri azalsa da, orijinallığını itirə bilər
Hann Rauma deyir ki, süni intellektdən istifadə onun ömrünü uzadır.
Bores kibertəhlükəsizlik şirkətinin qurucusu James Bore deyir ki, süni intellekt menecerləri üçün ən böyük narahatlıq insan problemlərindən deyil, kibertəhlükəsizlikdən qaynaqlanır:
"Əgər sizin süni intellekt meneceriniz varsa, şirkətinizin bütün biznes proseslərini, prosedurlarını və müəllif hüquqlarını onun üçün əlçatan etmiş ola bilərsiniz. Proqram təminatı onları kopyalamaq istəyənlər tərəfindən oğurlana bilər və fidyə tələb oluna bilər".
"Əgər bunlardan asılı olsanız və insanları süni intellektlə əvəz etsəniz, bir növ küncə sıxışmış olursunuz, çünki artıq dayanıqlı deyilsiniz və insanlara bu qabiliyyəti vermədiyiniz üçün geriyə dönüş yoxdur'.
Bore deyir ki, insanlar süni intellektlə daha səmərəli ola bilər, lakin bunun bəzi nəticələri olacaq:
"Daha çox avtomatlaşdırdıqca, daha çox insanı ixtisar etdikcə, bəli, xərclərinizi azaldacaqsınız. Amma eyni zamanda şirkətinizi daha əvəzolunan hala gətirəcəksiniz".
Mənbə: BBC
Tərcümə etdi: Aysel Ağakərimova