Venerada fosfin və ammonyak tapıldı
Bölmə: Maraqlı › ,Tarix: 20:01 25.07.2024
Alimlər Günəş sisteminin ən isti planeti olan Veneranın atmosferinin dərinliklərində buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementlər tapıblar.
Bu kəşf Havaydakı James Clerk Maxwell Teleskopunun (JCMT) Venera layihəsindən və NASA-nın 1978-ci ildə buraxılmış Pioneer Venus 2 atmosfer zondlarından əldə edilən məlumatların tədqiqi nəticəsində edilib.
London İmperial Kollecindən Dr Dave Clements və komandası fosfin, kükürd dioksidi və su kimi müxtəlif molekulları aşkar etmək üçün JCMT-Venera layihəsindən məlumatlardan istifadə etdilər.
Pioneer Venera zond məlumatlarına uyğun gələn tapıntılar, planetin atmosferindən təxminən 55 kilometr yüksəklikdəki buludlarda milyonda bir hissədə fosfin qazının olduğunu göstərdi. Dr. Klements bildirib ki, bu yüksəkliklərdə fosfin qazı və digər molekulların olması atmosferdə bəzi qəribəliklərdən xəbər verir. O, fosfinin yeni kəşf edilmiş bir maddə olduğunu və atmosferdəki su və kükürd dioksidin miqdarının zamanla dəyişdiyini xüsusilə vurğuladı.
Tədqiqat qrupu, həmçinin Pioneer Venus2 zondlarından əldə edilən məlumatları təsdiqləyən, ammonyakın planetin buludlarında ola biləcəyinə dair tapıntılar etdi. Qayalıq planetdə ammonyakın olması güclü bioloji imza hesab olunur. Kardiff Universitetindən Prof. Dr. Jane Greaves, planetdə həyat ehtimalından ilham aldıqlarını və ammonyakın turşunu zərərsizləşdirmək üçün istifadə edilə biləcəyini və bu qazın həyatla əlaqələndirilə biləcəyini ifadə etdi.
2020-ci ilin sentyabrında JCMT tərəfindən ilk dəfə aşkar edilən fosfin molekullarını Çilidəki Atacama Large Millimeter Array (ALMA) də təsdiqləndi. Bu son tapıntılar İngiltərənin Hull Universitetində keçirilən Milli Astronomiya Görüşünün xüsusi sessiyasında təqdim olunub.
Bu kəşf həyatın mövcud olduğunu sübut etməsə də, burada ammiakın necə əmələ gəldiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu göstərir. Alimlər atmosferdə bu sirli molekulların varlığını və dəyişmələrini araşdırmaqda davam edirlər.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysel Ağakərimova