Xərçəngə səbəb olan "zibil" DNT tapıldı
Bölmə: Maraqlı › ,Tarix: 20:05 25.07.2024
Alimlər yeni bir araşdırmada əcdadlarımıza yoluxmuş virusların qoyub getdiyi DNT fraqmentlərinin aktivləşərək müasir insanlarda xərçəngə səbəb ola biləcəyini aşkar ediblər.
İnsan genomunda həyatın tikinti materialı kimi xidmət edən 20.000-dən çox gen, həmçinin on milyonlarla il əvvəl primat əcdadlarımızı yoluxdurmuş virusların buraxdığı DNT fraqmentləri var.
Əvvəlki araşdırmalara görə, bu tip virus DNT-si insan genomunun təxminən 8 faizini təşkil edir. Bu DNT parçaları sizin genomunuzda qalan parçalardır. Onları müasir xərçəngə səbəb olan qədim viruslar da adlandırmaq olar. Zamanla bu DNT seqmentləri insan sperma, yumurta və embrionlara sızdı və gələcək nəsillər üçün fosil qeydləri olaraq bədənimizə həkk olundu və bu prosesdə insanın təkamülünü formalaşdırdı.
Məsələn, elm adamları bu yaxınlarda kəşf etdilər ki, genomumuzdakı bu qədim viral DNT fraqmentləri, Covid-19 pandemiyasının arxasında duran yeni koronavirus kimi müasir patogenlərə qarşı immun reaksiyamıza kömək edir.
Science Advances jurnalında dərc olunan yeni araşdırmaya görə, bu "zibil DNT" parçaları yenidən oyandıqda, xərçəngin sağ qalmasına və insanlarda inkişaf etməsinə kömək etməkdə mühüm rol oynaya bilər.
Boulderdəki Kolorado Universitetinin tədqiqatçıları deyirlər ki, bu viral zibil DNT-ni susdurmaq xərçəng müalicələrini daha yaxşı işlədə bilər. Tədqiqat həmmüəllifi alim Edvard Çuonq deyib: "Bizim araşdırmamız göstərir ki, bugünkü xəstəliklər bu yaxınlara qədər az sayda tədqiqatçının diqqət yetirdiyi bu qədim virus infeksiyalarından əhəmiyyətli dərəcədə təsirlənə bilər".
Mənbə: CNN Türk
Tərcümə etdi: Aysel Ağakərimova