"Azərbaycan əsilli siyasətçi İranda real dəyişiklik edə bilməz"-RƏY
Bölmə: Siyasət › ,Tarix: 19:30 30.07.2024
"Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün əsasdır.
İran Ermənistanla dialoqu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırdır".
Bu sözləri Məsud Pezeşkian Ermənistan baş naziri Nikol Paşinyanla görüş zamanı deyib.
Maraqlıdır, İrandakı yeni hakimiyyət Cənubi Qafqazdakı hansı proseslərə təsir göstərə bilər?
Bu barədə "İnformator.az"a açıqlama verən siyasi Elmlər kafedrasının professoru, politoloq Fikrət Sadıxov bildirib ki, söhbətin hansı çox əsrlik dostluqdan getdiyini başa düşmək olmur:
"Çünki əsrlər boyu indiki müasir Ermənistan ərazisində İrəvan xanlığı idi və orada azərbaycanlılar yaşayırdılar. Sonra da 75 il Ermənistan Sovet tərkibində oldu. İndi İran tərəfi hansı dövrü nəzərdə tutur onu özləri bilərlər. Amma bu cür şüarların səslənməsi təbii ki, müəyyən şübhə yaradır.
Digər tərəfdən rəsmi Tehranın siyasəti dəyişilməyəcək. Bu, "xarici siyasət prioritetləri", "qonşu dövlətlərlə münasibətləri normal saxlanması" şüarları altında demək olar ki, İran-Ermənistan münasibətlərini yüksək səviyyədə inkişafına yönələn bir addımdır. Yəni, İranın siyasəti həmişə bu şüarlar altında Ermənistanla münasibətlərin yüksək səviyyədə inkişafına yönəlib. İndi də bu istiqamətdə həmin addımlar atılır".
Politoloqun sözlərinə görə, Azərbaycan əsilli siyasətçi, İran prezdenti seçilən şəxs real dəyişiklik edə bilməz. Çünki həm xarici siyasət, həm də güc strukturları dini rəhbər idarə olunur və prezident sadəcə olaraq onun icraçısıdır. Bu reallığı biz həmişə yadımızda saxlamalıyıq. Və özümüzə nəticə çıxarmalıyıq.
Banuçiçək Kalbalıyeva