Fransadan sosial media platformu X-ə “xarici müdaxilə” şübhəsi ilə istintaq

Bölmə: Dünya › ,
Tarix: 22:56 11.07.2025

 

Fransada, əvvəlki adı Twitter olan sosial media platformu X və onun rəhbərləri barəsində, platformanın alqoritminin “xarici müdaxilə” məqsədilə istifadə edildiyi şübhəsi ilə istintaq başladılıb.

 

Fransa milli mediasında yer alan xəbərlərə görə, Paris Prokuroru Lore Bekko yaydığı yazılı açıqlamada 9 iyul tarixində X platforması və onun rəhbərləri barəsində istintaq başladıldığını bildirib.

İstintaqın həm platformanı, həm də onun qərarverici şəxslərini əhatə etdiyi qeyd olunub. X-in sahibi İlon Maskın adı açıqlamada çəkilməyib.

İstintaq, platformanın alqoritminin “xarici müdaxilə” məqsədilə manipulyasiya edildiyi şübhəsi ilə açılıb və bu proses yanvar ayında daxil olan iki ayrı məlumat əsasında həyata keçirilir.

Şikayətlərdən biri bir fransız deputata, digəri isə Fransa dövlət qurumunda çalışan yüksək vəzifəli məmura aiddir. Hər iki şikayətdə X-in alqoritminin xarici aktorların maraqlarına uyğun istifadə edildiyi və platformanın xarici müdaxilə cəhdlərinə zəmin yaratdığı iddia olunur.

İstintaq Fransa Milli Jandarmasının Kiber Cinayətlərlə Mübarizə bölməsi tərəfindən aparılacaq.

TRT XƏBƏR
Lalə Qurbanlı