“Silahlarımızı öz azad iradəmizlə məhv edirik”

Bölmə: Dünya › ,
Tarix: 22:14 11.07.2025

 

PKK lideri Abdullah Öcalanın etdiyi “Sülh və Demokratik Cəmiyyət Çağırışı” çərçivəsində silahı yerə qoymağa başlayıb. İlk simvolik mərasim Kürdistan Regional İdarəsinin nəzarətində olan Süleymaniyyədə keçirilib. KCK İcraiyyə Şurasının həmsədri “Bese Hozat” kod adlı Hülya Oran da mərasimdə iştirak edib.
PKK üzvləri silahlarını bir qazanın içərisinə qoyaraq yandırıblar. Silahı yerə qoyan “Sülh və Demokratik Cəmiyyət Qrupu”nun açıqlamasında deyilir: “Bundan sonra azadlıq, demokratiya və sosializm mübarizəmizi demokratik siyasət və hüquqi yollarla aparmaq üçün, demokratik inteqrasiya qanunlarının qəbuluna əsaslanaraq, silahlarımızı azad iradəmizlə məhv edirik.” Keçirilən simvolik mərasimdən sonra silah buraxma prosesinin bir neçə ay ərzində tamamlanması planlaşdırılır. Ankara, Ərbil və Bağdad rəhbərliklərinin koordinasiyası ilə silahların təhvil veriləcəyi nöqtələrin yaradılması və təşkilatın silahlarını bu ərazilərə təhvil verməsi nəzərdə tutulur. Öcalan PKK-nın milli dövlət məqsədindən imtina etdiyini, sülh və demokratik cəmiyyət hədəfinə “müsbət inteqrasiyaçı bir perspektivlə” çatmağın mümkün olduğunu bildirib.

BBC NEWS
Səmayə Səftərova