Serbiya Ukraynanın bərpasına dəstək verməyə hazır olduğunu deyib

Tarix: 22:51 11.07.2025
Serbiya Ukraynanın iki konkret vilayətinin bərpası çərçivəsində dəstək göstərməyə və münaqişənin nizamlanmasına töhfə verə biləcək istənilən ictimai, özəl və ya qeyri-rəsmi danışıqlara ev sahibliyi etməyə hazırdır.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna müharibəsinin ya uzunmüddətli davam etməsi, ya da Rusiyanın siyasi və iqtisadi baxımdan zəifləməsi ehtimalını nəzərə alaraq, Serbiya Avropa ilə yaxınlaşmağa çalışır:
"Serbiya bildiyimiz kimi, Rusiyanın müttəfiqidir. Lakin eyni zamanda anlayır ki, Avropanın mərkəzində yerləşən bir ölkə olaraq Avropa İttifaqı ilə uzun müddət gərgin və qapalı münasibətlər saxlamaq mümkün deyil. Ukrayna müharibəsinin ya uzunmüddətli davam etməsi, ya da Rusiyanın siyasi və iqtisadi baxımdan zəifləməsi ehtimalını nəzərə alaraq, Serbiya Avropa ilə yaxınlaşmağa çalışır. May ayında Serbiya Prezidenti Aleksandar Vuçiçin Moskvada 9 May Qələbə Paradında iştirakı Avropa İttifaqı tərəfindən sərt tənqid olunmuşdu. Bu tənqidlərə qarşı Vuçiç öz mövqeyini müdafiə etməyə çalışsa da, həmin hadisədən sonra onun Avropa ilə əlaqələri gücləndirməyə yönəlmiş siyasəti daha açıq şəkildə görünməyə başladı. Bu gün Serbiyanın Ukraynanın bərpasında iştirak qərarı da məhz bu istiqamətdə atılan prinsipial addımlardan biridir. Əgər Serbiya Ukraynanın bərpasında iştirak etmək istəyirsə, bu artıq strateji bir seçim sayılır. Bu addım gələcəkdə Serbiyanın Ukraynaya maliyyə, iqtisadi və işçi qüvvəsi baxımından dəstək verməsini nəzərdə tutur. Hələlik konkret dəstək formaları açıqlanmasa da, belə bir iradənin ifadə olunması Serbiyanın bərpa prosesində iştirakını real və mümkün edir. Gələcəkdə bu iştirakın hansı formada reallaşacağı ya Serbiya və Ukrayna arasında ikitərəfli razılaşmalarla, ya da Ukraynanın bərpası üzrə Avropa platformalarında qəbul ediləcək qərarlarla müəyyənləşdiriləcək. Artıq bu məqsədlə beynəlxalq fondların yaradılması prosesi başlayıb və Ukrayna 1 trilyon avroya qədər tutuma malik bir fondun təşkili təşəbbüsünü irəli sürüb. Serbiya da daxil olmaqla, iradə göstərən bütün ölkələr bu prosesdə müxtəlif formalarda iştirak edə bilərlər. Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara ev sahibliyi etmək Avropadakı bir çox ölkənin istəyidir.
Serbiyanın da bu istiqamətdə iradə nümayiş etdirməsi, onun gələcək siyasi hədəflərindən xəbər verir. Lakin Serbiyanın bu danışıqlara ev sahibliyi etmək cəhdi, böyük ehtimalla, müsbət nəticə verməyəcək. Çünki tərəflərin hamısının bu ölkədə danışıqlar aparmağa razılıq verəcəyi inandırıcı deyil. Əsas səbəblərdən biri Serbiyanın hələ də Rusiyanın rəsmi müttəfiqi hesab olunmasıdır. Digər tərəfdən, Serbiyanın özü də daxilində müəyyən münaqişələr və gərginliklərlə üzləşib. Xüsusilə, Kosova və Serb Respublikası ilə bağlı problemlər Serbiyanı bir münaqişə ölkəsinə çevirir. Bu baxımdan, Serbiyanın Ukrayna münaqişəsi üçün neytral platforma kimi seçilməsi uyğun görünmür. Serbiyanın bu təşəbbüsünə dünya ictimaiyyəti tam səssiz qalmayacaq. Çünki Rusiyanın müttəfiqi olan bir ölkənin belə bir jest etməsi yəni, Ukraynanın bərpasında iştirak etməyə razılıq verməsi diqqətçəkən və hay-küylü bir addımdır. Avropa Birliyi və digər Avropa ölkələri bu təşəbbüsü müsbət qarşılayacaq. Onlar üçün bu, Rusiyanın dağıtdığı bir ölkənin yenidən qurulmasına, məhz onun müttəfiqi tərəfindən dəstək verilməsi baxımından önəmlidir. Eyni zamanda, gözləniləndir ki, Rusiya bu addımdan narazı qalacaq və yaxın vaxtlarda rəsmi Kreml tərəfindən Serbiyaya qarşı narazı və tənqidi mövqedə açıqlamalar veriləcək. Serbiya bu təşəbbüslərlə Ukrayna ilə münasibətləri mümkün qədər yaxşı saxlamağa çalışır. Çünki perspektivdə Ukraynanın Avropa İttifaqına, gələcəkdə isə NATO-ya üzv olacağı ehtimalını Serbiya da nəzərə alır. Artıq Avropa və ABŞ-nin Ukrayna məsələsində mövqeləri yenidən birləşir və Prezident Vuçiç də bu prosesin ciddiliyini anlayan bir lider kimi hadisələrin istiqamətini təxmin edə bilir. Belə bir şəraitdə həm Aİ, həm də NATO-ya inteqrasiya edən bir ölkə ilə münasibətləri yaxşı saxlamaq Serbiya üçün həm məntiqli, həm də strateji baxımdan vacibdir".
Səmayə Səftərova