Antibiotik və ağrıkəsicilərin bilinməyən zərərləri...-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:46 30.07.2024

Gündəlik həyatımızda baş, diş və digər ağrılarla tez-tez rastlaşırıq. Bu ağrılardan xilas olmaq üçün ağrıkəsicilərə və antibiotiklərə üz tuturuq. Qısa müddətlik ağrılardan xilas olmaq üçün üz tutduğumuz bu dərmanların həkim məsləhəti olmadan istifadəsi düzgündürmü? 

 

Mövzuyla bağlı terapevt Mətanət Cəfərova "informator.az"a açıqlama verib.Terapevt qeyd edib ki, həkim məsləhəti olmadan ağrıkəsicilərdən və antibiotiklərdən istifadə insan orqanizmində ciddi xəstəliklər yaradır:

 

"Bu dərmanların həkim məsləhəti olmadan istifadəsi, apteklərdə satışı qadağan olunmalıdır. Bütün dünyada ciddi problem yaradan dərman qrupları antibiotik və ağrıkəsicilərdir. Bu dərmanların həkim məsləhəti olmadan istifadəsi, apteklərdə həkim resepti olmadan satışı qadağan olunmalıdır. Onlar ciddi dərman qrupları olmaqla yanaşı,şok verən dərmanlar siyahısına daxildir.

Antibiotiklər allergik reaksiyalar və anafilaktik şok yarada bilir. Həmçinin mədə-bağırsaq sisteminə çox ciddi zərər verir. Antibiotiklərdən lüzumsuz istifadə edən pasientlərdə qaraciyər bağırsağın autoimmun xəstəlikləri, dəri xəstəlikləri yaradır. Antibiotiklər 1-ci yerdə autoimmun xəstəliklər, 2-ci allergik xəstəliklər, 3-cü bağırsaq disbiozu, 4-cü qaraciyər toxumasına zərər verir. Antibiotiklərdən istifadə həm də öd daşının yaranmasına, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığına səbəb olur. Bu dərmanlardan istifadə edən insanlar yanaşı xəstəlikləri varsa onlar xüsusi nəzərə almalıdırlar. İnsanlar apteklərdən antibiotiklərlə yanaşı "göbələk əleyhinə" dərmanlar da alırlar. Bu yolverilməz haldır. Bu dərmanlar da həkim məsləhəti ilə qəbul edilməlidir.

 

Mətanət Cəfərovanın sözlərinə görə, ağrıkəsicilər ən çox mədə və qaraciyəri zədələyən dərman qruplarına aiddir:

 

"Elmdə ağrıkəsicilər "qeyri-steroid iltihab əleyhinə preparatlar" adlanır. Mədədə yaraların yaranmasına, onikibarmaq bağırsaqda yaraların yaranmasına səbəb olur. Buna görə, bu dərmanların nəzarət olmadan qəbulu məqsədə uyğun sayılmır. Ağrıkəsicilər ciddi reaksiyalar yaradan dərmanlardır. Antibiotiklərdə olduğu kimi, yanaşı xəstəlikləri olan xüsusən böyrək xəstəliyi, mədə xəstəlikləri olan insanlar ağrıkəsicilərdən ehtiyatlı davranmalıdırlar. Həkim məsləhəti olmadan bu dərmanlardan istifadə olunmamalıdır".

 

 

Zeynəb Mustafazadə