“Ağa Musa Nağıyev irsinin təbliği” layihəsinin təqdimat mərasimi keçirilib

Bölmə: Sosial › ,
Tarix: 09:58 26.09.2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən icra edilən “Ağa Musa Nağıyev irsinin təbliği” layihəsinin təqdimat mərasimi keçirilib.

20 sentyabr 2024-cü ildə AMEA-nın Elmi Kitabxanasında baş tutan təqdimat mərasimində “Ağa Musa Nağıyev - 175” video çarxı nümayiş olunub.

Çarx XIX əsrdə - XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur sahibkarı və xeyriyyəçisi, milyonçu Ağa Musa Nağıyevin çoxşaxəli fəaliyyətinə həsr edilib.

Tədbirdə bildirilib ki, milli tariximizdə özünəməxsus yer tutmuş, milli sahibkarlığın təməlini qoyanlardan olan A.M.Nağıyevin neft sənayesi, bank sektoru və ticarət kimi sahələrin inkişafında xidmətləri çox böyük olmuş, xeyriyyəçilik hərəkatının ən tanınmış simalarından biri kimi məşhurlaşmışdır.

Qeyd olunub ki, hələ 1901-ci ildə Bakıda istehsal olunan neftin miqdarı dünyada böyük təəccüb doğurmuş və Bakı dünyanın neft paytaxtına çevrilmişdir. O dövrdə Azərbaycanda “Qara Qızılın” hesabına sərvət sahiblərinə çevrilmələri üçün bir quyunun fontan vurması kifayət edirdi.

Tədbir iştirakçıları bildirib ki, ağır zəhmətdən sonra tale günlərin birində onun üzünə gülür. Sonralar Ağa Musa var-dövlətdə bütün milyonçulardan fərqlənib ən zəngini olur. O, hətta bəzi yazılarda koloriti ilə XIX - XX əsrin milyonçulardan fərqlənən fiquraya bənzədilib. Ağa Musa savadlı mütəxəssisləri neft işinə cəlb edir, əldə etdiyi gəlirin bir hissəsini bu sahədə çalışan mütəxəssislərin daha da savadlanmasına və qurğuların texniki təmiri üçün ayırırdı.

Qeyd olunub ki, nefti vedrə-vedrə satan Musa, sonradan 30 min işçiyə çörək verib, varlanqıdca Balaxanı, Binəqədi, Sabunçu, Ramanı və Suraxanıda yeni neft yataqları salaraq, istehsalı genişləndirir. Qaraşəhərdə 2 “Neft emalı” zavod tikdirib, Ramanada Təmir emalatxanası yaradıb. Xəzərdə Qara şəhər, Sormovo, Ağa Əli və Yusif Nağıyev gəmiləri fəaliyyətə başlayıb, neft məhsulları qorunan anbarları olub. Rusiya dəmir yolunun, Nobel qardaşlarının bəzi müəssisələrinin, dəniz şirkətlərinin səhmləri, xəstəxana korpusları və yaşayış binaları, eləcə də 66 torpaq sahəsi Ağa Musanın adı ilə bağlıdır. O illərdə Ağa Musa Nağıyevin Balaxanı, Ramana və Sabunçu kəndlərindəki neft mədənlərində 45 məhsuldar, həm də texniki baxımından yaxşı təchiz edilmiş quyularında 800-dən artıq fəhlə işləyib. Ağa Musa Nağıyev xalqın “Tikmədim özüm qalam, tikdim ki, izim qala” məşhur deyimini sanki şüar götürmüşdir.

Həmçinin qeyd edilib ki, A.M.Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsi istiqamətinə sərf etmişdir. 98 bina tikdirməklə dünya miqyasında, eləcə də tarixdə birincilik qazanmışdır. Ağa Musanın ən ağrılı yerlərindən biri Azərbaycanm səhiyyə sistemindəki problemlər olub. O, xəstəxanalar tikdirib. Hər bir ölkənin sərvəti xalqın içindən ərsəyə gəlmiş işgüzar, kiçik və böyük fabrik və zavodları yaradan və idarə edən milli sahibkarlardır ki, bu gün də fəxrlə baxdığımız Bakının gözəllik tacı “İSMAİLİYYƏ” binası, mədəni və elm ocaqlarını özündə təcəssüm etdirən yüzlərlə bu tip binaları Ağa Musadan yadigar olaraq qalıb. Ağa Musa Nağıyev Azərbaycan tarixinin canlı bir parçasıdır. Onun etdikləri dünən də, bu gün də, sabah da tariximizin daş yaddaşmdan boylanacaq. Filmdə deyilənlərə əsasən, XIX əsrin sonu-XX əsrin əvvəlləri dövrü ilə maraqlanan insanlara yeni məlumatlar əldə etməsinə fürsət yaradılıb.

Keçmişə hörmətlə yanaşmaq, Azərbaycanın tarixini, onun dəyərli səhifələrini gələcək nəslə ötürmək hər birimizin borcudur.

Qeyd edək ki, layihənin rəhbəri Ağa Musa Nağıyev nəslinin davamçısı, tarix üzrə fəlsəfə doktoru 10 kitab müəllifi, və Ağa Musa Nağıyevə həsr olunmuş 6 sənədli film layihəsini icra etmiş Dilarə Nağıyeva-Muxtarovadır.