5G İnqilabı - Sürət və Əlaqə Sahəsində Yeni Bir Era
Bölmə: Sosial › ,Tarix: 18:59 15.11.2024
5G texnologiyası dünyada əlaqə və sürət sahəsində inqilab edərək yeni bir dövrün başlanğıcını qoyur.
Bəs 5G texnologiyasının əsas üstünlükləri və fərqləri nələrdir?
Məsələ ilə bağlı İT üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev "informator.az"a açıqlamasında 5G şəbəkəsinin nəzəri sürətinin 10-20 Gbps-ə çatdığını bildirib.
Ekspert bu sürətin önəmindən də danışıb:
"Bu, video və böyük faylların daha sürətli yüklənməsi, oyunların daha keyfiyyətli və axıcı olması kimi faydalar təmin edir. Eyni zamanda, 5G-də məlumatın ötürülməsi zamanı gecikmə (latency) yalnız 1 millisaniyə səviyyəsindədir. Halbuki 4G-də bu dəyər 30-50 millisaniyə arasında dəyişir. 5G şəbəkəsinin ən vacib xüsusiyyətlərindən biri, çoxlu cihazların eyni anda əlaqə qurma qabiliyyətidir. Bu, "Things İnterneti" (IoT) cihazlarının bir-biri ilə əlaqə qurmasına imkan verir. Məsələn, 5G bir kvadrat kilometrdə bir milyona qədər cihazın eyni anda əlaqə qurmasına şərait yaradır. Lakin 4G-də bu cür yüksək cihaz sıxlığını dəstəkləmək çətindir. 5G yalnız mobil internet üçün deyil, həm də virtual reallıq (VR), artırılmış reallıq (AR), avtonom nəqliyyat vasitələri və robot texnologiyaları kimi sahələrin inkişafı üçün vacib infrastrukturu təmin edəcək. 4G bu texnologiyaları dəstəkləməkdə kifayət qədər effektiv deyil. Üstəlik, 5G şəbəkəsi daha az enerji sərf etməklə daha yüksək performans təqdim edir. Bu da uzun batareya ömrü və daha çox cihazın eyni anda işləməsi üçün şərait yaradır. 4G isə daha yüksək enerji istehlakı ilə fərqlənir. 5G şəbəkəsi, eyni zamanda, təhlükəsizlik sahəsində də irəliləyişlər təmin edir. Bu yeni şəbəkə, şəbəkə üzərindən edilən hücumlara qarşı daha güclü qoruma təmin edir. 4G-də isə təhlükəsizlik müqayisədə zəifdir".
Ekspert 5G-nin 4G ilə müqayisəsinə də nəzər yetirib:
"5G-nin sosial və iqtisadi həyatımıza təsiri genişdir. Yüksək sürət və az gecikmə sayəsində, VR və AR kimi texnologiyalar reallığa yaxın olacaq. Bu da video oyunları, təhsil və alış-veriş kimi sahələrdə yeni imkanlar yaradacaq. 5G, həmçinin 4K və 8K videoların daha sürətli və yüksək keyfiyyətli olmasını təmin edəcək.
Avtonom nəqliyyat vasitələri üçün 5G onların bir-bir ilə və ətraf mühitlə təhlükəsiz, sürətli əlaqə qurmasına imkan verəcək. Buda öz növbəsində yol təhlükəsizliyini artıracaq və nəqliyyat sistemlərinin daha effektiv işləməsini təmin edəcək 5G şəbəkəsi, həmçinin müxtəlif cihazların bir-birilə əlaqə qurmasına şərait yaradacaq. Bu, ağıllı şəhər, ağıllı evlər və tibbi cihazların istifadəsini artıracaq. Məsələn, tibbi cihazlar vasitəsilə uzaqdan müayinələr və əməliyyatlar daha geniş şəkildə həyata keçiriləcək".
"Distant tədris sahəsində də 5G-nin rolu böyük olacaq. Yüksək sürət və az gecikmə ilə video konfranslar və interaktiv tədris proqramları daha səmərəli və keyfiyyətli olacaq. Bundan əlavə, 5G sosial şəbəkələrdə video zəngləri və canlı yayımlar kimi funksiyaların daha sürətli, yüksək keyfiyyətli olmasına imkan verəcək. Bu da insanların daha yaxşı əlaqə qurmasına şərait yaradacaq. Son olaraq, 5G texnologiyası yeni iş sahələri və peşələr yaradacaq. İş dünyasında innovasiyaları sürətləndirəcək və iqtisadi inkişafı dəstəkləyəcək. Nəticədə, 5G yalnız daha sürətli internet təcrübəsi yaratmaqla qalmayacaq, həm də həyatın bir çox sahəsində inqilabi dəyişikliklərə səbəb olacaq. Bu texnologiya, təhsil, səhiyyə, nəqliyyat və sosial əlaqələr kimi sahələrdə əhəmiyyətli yeniliklər gətirəcək ",-deyə o, fikirlərini yekunlaşdırıb.
Zəhra Məmmədova