Ölüm hökmü nədir?

Bölmə: Sosial › ,
Tarix: 20:33 19.11.2024

 Dünyanın bir çox ölkəsində ölüm cəzası mübahisəli mövzu olaraq qalır. Azərbaycanda isə ölüm hökmü ləğv edilərək ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. 

 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov "informator.az" saytına açıqlamasında bildirib:

 

 "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmənin hökmü ilə təyin olunan cinayət hüquqi xarakterli tədbirdir və cinayət törətməkdə təqsirli olan şəxsə tətbiq olunur. Cəzanın əsas məqsədi məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasıdır".

 

Hüquqşünasın fikrincə, azadlıqdan məhrumetmə cəzası bir şəxsin törətdiyi əmələ görə verilən ən ağır cəzalardan biridir:

 

"Azərbaycan Konstitusiyasında ölüm hökmü hələ də ləğv olunmasa da, 1998-ci ilin fevral ayında ölkəmizdə ölüm hökmünün tətbiqi qanunla ləğv edilib. Bu qərar, Azərbaycan dövlətinin Avropa Konvensiyasını imzalamaq və Avropa Məhkəmə arealına daxil olmaq istəyini əks etdirir. Eyni zamanda, Avropa İnsan Haqları Konvensiyasının ikinci maddəsinin birinci bəndinə əsasən, ölüm cəzasının qanunla nəzərdə tutulması mümkündür. Lakin, Konvensiyanın altı saylı Protokolunun birinci maddəsi ölüm cəzasının ləğvini şərtləndirir və bu protokola əsasən, ölüm cəzası tətbiq oluna bilməz və heç kəs edam edilə bilməz".

 

Süleymanovun sözlərinə görə, cəzaçəkmə müddətini başa vurmuş məhkumlar üçün Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müxtəlif reabilitasiya proqramları həyata keçirilir:

 

"Bu proqramlar ictimaiyyətə müntəzəm olaraq hesabatlarla təqdim olunur. Lakin, bu proqramların effektivliyinin artırılması mümkündür. Həbsxanadan çıxan məhkumların normal həyata qaytarılması üçün psixoloji, hüquqi və sosial dəstək paketlərinin işlək vəziyyətdə olması vacibdir. Ölüm hökmünün tətbiqi Azərbaycan və Avropa məkanında artıq mövcud olmasa da, bu, ölüm cəzasının heç vaxt tətbiq edilməyəcəyini demək deyil. Hökumət, istəsə, bununla bağlı qanun layihəsi təqdim edə bilər və Milli Məclis tərəfindən səsverməyə çıxarıla bilər. Lakin müasir cəmiyyətdə, bir hüquqşünas olaraq, ölüm hökmünün tətbiqini düzgün hesab etmirəm. Azadlıqdan məhrumetmə, bir şəxsin ən qiymətli varlığı olan azadlığının əlindən alınmasıdır və bu, onun üçün ən böyük cəzadır".

 

Nərgiz Orucova