Gənclər niyə xaricə üz tutur?

Bölmə: Sosial › ,
Tarix: 20:39 19.11.2024

Günümüzdə Azərbaycan gəncləri daha yaxşı həyat şəraiti və özlərinin gələcəyi üçün xaricə üz tuturlar.

 

Bəs bu axının qarşısının alınması, istedadlı gənclərin ölkədə saxlanması üçün hansı tədbirlər görülür?

 

Bununla bağlı təhsil eksperti Kamran Əsədov "İnformator.az" saytına açıqlamasında bildirib ki, Azərbaycan gənclərinin daha yaxşı həyat şəraiti və gələcək perspektivlər üçün xaricə üz tutması ciddi bir problem olaraq cəmiyyətimizin diqqət mərkəzindədir:

 

"Xüsusilə istedadlı və potensiallı gənclərin ölkəni tərk etməsi, Azərbaycanın insan kapitalı üçün böyük itki hesab olunur. Gənclərin bu axınının qarşısını almaq və onların ölkədə qalmasını təmin etmək üçün bir sıra addımlar atılmalıdır. Dövlətin gənclərə yaratdığı imkanlar, onların həyat şəraitinin yaxşılaşdırılması və karyera perspektivlərinin artırılması bu problemin həlli üçün əsas istiqamətlərdir.

 

İstedadlı gənclərin ölkədə qalmasını təmin etmək üçün təhsil və məşğulluq sahələrində daha effektiv addımlar atılmalıdır. Hazırda Azərbaycanda bəzi müsbət nümunələr mövcuddur. Məsələn, “SABAH” qrupları, ADA Universiteti və beynəlxalq standartlara uyğun tədris proqramları gənclərin inkişafı üçün mühüm platformalar yaradır. Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə çox sayda gənc dünyanın nüfuzlu universitetlərində təhsil alır. Lakin bu proqramlardan sonra onların ölkəyə qayıdışını təmin etmək üçün daha çox təşviq mexanizmlərinə ehtiyac var. Bu, iş yerlərinin yaradılması, rəqabət qabiliyyətli əmək haqqı və sosial təminatlarla mümkündür. Gənclərin xaricdə öyrəndiklərini Azərbaycanda tətbiq edə bilməsi üçün uyğun mühit yaradılmalıdır".

 

Ekspertin sözlərinə görə, məşğulluq sahəsində istedadlı gənclərin ölkədə qalmasını təmin etmək üçün startap ekosisteminin dəstəklənməsi əhəmiyyətlidir:

 

"Dövlətin “İnnovasiyalar Agentliyi” vasitəsilə təqdim etdiyi dəstək, startaplara ayrılan qrantlar və mentorluq xidmətləri bu istiqamətdə müsbət addımlardır. Texnologiya və innovasiya sahəsində daha geniş təşəbbüslər gənclərin kreativ ideyalarını reallaşdırması üçün şərait yarada bilər. Bundan əlavə, dövlət və özəl sektor əməkdaşlığını genişləndirmək, beynəlxalq şirkətlərin Azərbaycana cəlb edilməsini təmin etmək və gənclərə yeni iş imkanları yaratmaq əsas prioritet olmalıdır.

 

Gənclərin ölkədə qalmasını təmin etmək üçün onların sosial rifahını artıran tədbirlərə də ehtiyac var. Dövlətin tətbiq etdiyi “Güzəştli mənzil” proqramı yeni ailə quran gənclərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün mühüm bir təşəbbüsdür. Lakin bu cür proqramların əhatə dairəsi genişləndirilməli və daha çox gəncin onlardan faydalanması təmin edilməlidir. Həmçinin, gənclər üçün tibbi xidmətlərə daha asan çıxış, nəqliyyat güzəştləri və sosial dəstək proqramları onların motivasiyasını artırmaq baxımından əhəmiyyətlidir.

 

Azərbaycanda gənclər üçün dövlətin təşkil etdiyi sosial və mədəni layihələr də onların inkişafına töhfə verir. Gənclər Fondunun  həyata keçirdiyi proqramlar, müxtəlif təlimlər və mədəni tədbirlər gənclərin sosial aktivliyini artırır və onların bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır. Bu cür təşəbbüslər regionlarda da genişləndirilməli və xüsusilə kənd yerlərində yaşayan gənclər üçün əlçatan edilməlidir".

 

Ekspert sözləridə qeyd edir ki, Dünya təcrübəsi göstərir ki, gənclərin ölkədə saxlanması üçün strateji planlaşdırma və hərtərəfli yanaşma vacibdir:

 

" Cənubi Koreyada texnologiya sektoruna dövlət sərmayələri və startaplara geniş dəstək vasitəsilə gənclərin ölkəni tərk etməsinin qarşısı alınmışdır. Finlandiyada sosial təminat və təhsil sahəsindəki yüksək standartlar gənclərin ölkədə qalmasına və inkişafına şərait yaradır. Almaniyada peşə təlimləri və dövlət-özəl əməkdaşlığı gənclərə iş bazarında rəqabət üstünlüyü qazandırır.

 

Azərbaycanda da bu təcrübələrdən yararlanaraq, gənclər üçün təhsil, məşğulluq və sosial təminat sahələrində daha geniş imkanlar yaradılmalıdır. Bunun üçün dövlətin daha çox investisiya yatırması, təhsil və iş bazarı arasında əlaqəni gücləndirməsi və beynəlxalq tərəfdaşlıqları genişləndirməsi tələb olunur. Yalnız bu yolla gənclərin ölkədə qalması və inkişaf etməsi üçün əlverişli şərait yaradılacaq. Gənclərin potensialından istifadə etmək, onların bacarıqlarını ölkənin inkişafı üçün yönləndirmək Azərbaycanın gələcəyinin əsas təminatlarından biridir".

 

Fidan Fərhadlı