“Gender bərabərliyi anlayışı cəfəngiyyatdan başqa bir şey deyil”

Bölmə: Sosial › ,
Tarix: 21:52 19.11.2024

 Gender bərabərliyi — cinsi bərabərlik və ya cinslərin bərabərliyi kimi də tanınır.

 

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı "informator.az"a açıqlamasında bildirib ki, gender bərabərliyi anlayışı qlobal mənəvi psixologiyaya yönəlmiş bir terror elementidir:

 

"O, bəzi ölkələrdə qadın hüquqları ilə bağlı problemlərin mövcud olduğunu etiraf etsə də, Azərbaycanın belə problemlərdən uzaq olduğunu vurğulayıb. Azərbaycan sovet dövründə dünyada ilk olaraq gender hüquqları məsələlərini həll etmiş bir cəmiyyətdir. Qadın və kişi heç bir sahədə bərabər ola bilməz. Nə praktik, nə də nəzəri cəhətdən bu mümkün deyil. Onlar yaradılışdan fərqli canlılardır. Psixoloji və tibbi baxımdan da uyğunluq yoxdur. Hər biri müəyyən sahələrdə digərində üstün ola bilər. Ancaq Azərbaycan qanunları qarşısında hər kəs bərabərdir. Vətəndaş hüquqları, əmək hüquqları, seçki hüquqları tamamilə eynidir".

 

Sosioloq gender bərabərliyi anlayışının əsl məqsədinin cəmiyyəti mənəvi dəyərlər sistemindən uzaqlaşdırmaq olduğunu iddia edib:

 

“Bu prosesin təbliğatçıları gender bərabərliyi deyil, insanları eqoist fərdlərə çevirmək, ailə sistemini məhv etmək, insan bağlılıqlarını sarsıtmaq məqsədi güdürlər. Bunun nəticəsində boşanmaların sayı artaraq 50 faizə çatıb və ən çox zərər çəkənlər məhz qadınlardır. Gender bərabərliyi adı altında müzakirə edilən mövzuların qadınların maaşlarının artırılması, analıq kapitalının verilməsi və ya uşaq pulu kimi sosial məsələləri əhatə etmir. Bu müzakirələr yalnız mənəvi və psixoloji aspektlərə yönəlib".

 

Sosioloq cəmiyyətlərdə əsas prioritetin sosial bərabərliyin təmin edilməsi olduğunu vurğulayıb:

 

“Azərbaycanda yalnız insan və vətəndaş hüquqlarının bərabərliyindən danışmaq olar. Problem gender yox, sosial bərabərlikdir. Ölkələrin inkişafı və cəmiyyətin üstünlüyü isə yalnız gəlir və sərvətlərin əhali arasında ədalətli şəkildə bölüşdürülməsi ilə mümkündür".

 

Asiya Zeynallı