“Media haqqında qanunda ciddi problemlər var”-Ekspert Açıqlayır

Bölmə: Sosial › ,
Tarix: 20:00 20.11.2024

"Media haqqında qanun" Azərbaycan Respublikasında media sahəsini tənzimləyən əsas qanunverici aktdır.

 

Mövzu ilə bağlı jurnalist Səbinə İzzətli "İnformator.az"a açıqlamasında bildirib ki, qanun müsbət təsirlə yanaşı ciddi problemlər də yaradıb. Jurnalistlər reyestrə daxil edilən zaman ali təhsil və daimi iş yeri şərtləri müstəqil jurnalistlər üçün çətinlik yaradır:

 

"Digər narahatlıq isə milli təhlükəsizlik və ictimai qaydaya dair informasiya məhdudiyyətidir. Bəzi media qurumları belə hesab edir ki, bu maddə tənqidi medianı sıxışdırmaq üçün istifadə edilə bilər. Qanunda bəzi ifadələrin tam anlaşılmamasından gileylənənlər də var. Jurnalistika hazırki dövrdə rəqəmsallaşma ilə ciddi dəyişikliklər yaşayır".

 

Jurnalist bildirib ki, qeydiyyat prossesləri bəzi hallarda ləngiyir və əlavə büroakratik maneələr yaradır:

 

"Xüsusilə kiçik və müstəqil media qurumları bu prosedurlar zamanı daha çox çətinliklə üzləşir. Qanundakı bəzi geniş ifadələr icra hakimiyyətinə subyektiv qərarlar vermək üçün geniş səlahiyyətlər tanıyır. Qanun müəyyən sahələrdə problemləri həll etməyə çalışsa da, medianın müstəqilliyi, ifadə azadlığı ilə bağlı ciddi çətinliklər yaradıb. Qanun söz azadlığına təsir baxımından müxtəlif reaksiyalar doğurur, bəzi müddəaların jurnalistlərin sərbəstliyini məhdudlaşdırdığı üçün ifadə azadlığına mənfi təsir göstərir. İnformasiya təhlükəsizliyinin artırılması və sahədə intizamın gücləndirilməsi müsbət dəyişikliklər olaraq qəbul edilir. Həmçinin qanun media sahəsində vahid tənzimləmə mexanizmləri yaratmağa çalışır. Bu jurnalistlərin peşəkar fəaliyyətinin hüquqi bazasının gücləndirilməsi baxımından müsbət addım hesab edilə bilər. Digər tərəfdən jurnalistlərin dövlət qeydiyyatına alınması prosedurları bəzi hallarda onların sərbəst fəaliyyətini çətinləşdirib".

 

Fatimə Məmmədova