Gənclərin ənənəvi peşələrə marağı niyə azalıb?
Bölmə: Sosial › ,Tarix: 20:08 20.11.2024
Son illərdə gənclərin ənənəvi peşələrə marağı azalıb. Əvvəlki nəsillər kənd təsərrüfatı, sənətkarlıq və əl işləri kimi sahələrdə uzun illər boyu çalışıb, qazanc əldə edirdilərsə, bu gün gənclər fərqli prespektivlər və daha yüksək gəlir imkanları olan yeni sahələrə yönəlirlər.
Bəs niyə gənclər daha çox müasir texnalogiyalarla əlaqəli sahələrə, rəqəmsal işlərə və yaradıcı peşələrə yönəlirlər?
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı "informator.az"a açıqlamasında bildirib ki, gənclərin əksəriyyəti komputer ixtisaslarını, hüquqşünaslığı, beynəlxalq münasibətləri seçir, buna görə də bir çox ixtisas artıq “ölüb”:
" Məsələn, mən son illər baytarlıq, meşəçilik, su ehtiyatları, bitkiçilik, ekologiya, geologiya kimi ixtisaslara qəbul olanlara heç rast gəlmirəm. Halbuki bu sahələr dirçəldilməlidir, xüsusi ilə də kənd təsərrüfatı sahələri inkişaf etdirilməsə gələcək də olmayacaq. Gənclər elə hesab edir ki, əgər texnologiya inkişaf edibsə elə texno-peşələr də yaxşı olacaq, daha gəlirli sahədir. Amma əksinə, gələcək kənd təsərrüfatında olacaq".
Sosioloqun sözlərinə görə, hamı hüquqşünaslıq, beynəlxalq münasibətlər oxuyur, iş tapmır, sonra da gedib marketdə kassir işləyir:
"Kassirin aldığı 400 manatı hər yerdə almaq olar, əgər balıqçılıq oxusaydı, meşəçilik ixtisasına yiyələnsəydi, aqronom, geoloq olsaydı bəlkə də daha çox qazanacaqdı".
Mehriban Nəsibova