Valideynlər üçün praktik məsləhətlər
Bölmə: Sosial › ,Tarix: 20:37 20.11.2024
Uşaqların yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi onların sağlam və balanslı bir şəxsiyyət kimi formalaşmasına, gələcəkdə müxtəlif problemləri həll etmək qabiliyyətinə sahiblənməsinə kömək edir. Təbii ki, valideynlərin bu prosesdə rolu əvəzedilməzdir.
Bəs uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün hansı öhdəliklər götürməlidirlər?
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova “informator.az”a açıqlamasında valideynlərin yaradıcılıq üçün uşaqlara azadlıq vermələrinin əsas olduğunu bildirib.
Onun sözlərinə görə, uşaqların inkişaf etməkləri üçün valideynlər bir neçə addım atmalıdır:
“Rəsm çəkmək, musiqi ifa etmək, rəqs, teatr oyunları kimi müxtəlif yaradıcılıq növlərini sınaqdan keçirtmələri mühümdür. Məsələn, bizim dövrümüzdə pionerlər mövcud olub. Ödənişsiz şəkildə çoxlu oyun yerləri fəaliyyət göstərirdi. Təbii ki, bizim onlardan yararlanmaq fürsətimiz də vardı. İndi də bu cür yerlər, kurslar çoxdur. Valideynlər mütləq şəkildə övladlarını ora cəlb etməlidirlər. Ruhlandırıcı mühit yaratmaq lazımdır. Evdə kitabları, rəngli karandaşları, əl işi incəsənəti üçün materialları olsa onlarda həvəs yarana bilər".
Psixoloq valideynlərin uşaqlarının maraq sahələrini necə kəşf etdirməli olduqları ilə bağlı da fikirlər söyləyib:
“İstedadlarını üzə çıxartmaq üçün onların nəyə marağı olduğunu araşdırmaq lazımdır. Gündəlik müşahidə etmək, hansı fəaliyyətlə məşğul olduqları zaman daha xoşbəxt olduqlarını sezmək vacibdir. Məsələn, heyvanlara qarşı sevgisi necədir, onlar xəstələnəndə onlara yardım edirsə, bu gələcəkdə bioloq və ya baytar olmaq kimi bir potensialları var deməkdir. Ümumiyyətlə, uşaqlarla çoxlu söhbət etmək lazımdır. Müzakirələr aparmalı, onlara nəyi sevdiyini, niyə sevdiyini soruşmaq lazımdır. Bəzi sahələrdə onları inkişaf etdirmək üçün motivasiya vermək üçün hədiyyələr almaq da yerinə düşərdi. Bunun üçün də valideynlər telefon və planşetlərdən uşaqlarını uzaqlaşdıraraq yaradıcılığa meyilləndirməlidirlər”.
"Beləliklə, valideynlər bu kimi nüanslara diqqət edərək övladlarının inkişaf etməsinə böyük təsir etmiş olarlar",-deyə o, fikirlərini yekunlaşdırıb.
Türkanə Meşədiyeva