"Mentalitet" anlayışı və onun cəmiyyətdə rolu-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:46 26.11.2024

Azərbaycan cəmiyyətində gənclərin yenilikləri qəbul etməsi və risk etməsi, bəzən ənənələrin təsiri və ictimai qınaq səbəbindən çətinləşir. Gənclərin öz arzularını, ideyalarını gerçəkləşdirməsi və ya cəmiyyətin müasir xüsusiyyətlər qazanması, tez-tez "mentalitet" adlandırılan sosial normaların təsiri altında mümkünsüz və ya qeyri-adi bir hal kimi qəbul edilir.

Bu halda sual yaranır: Mentalitet nədir və bu anlayış gənclərin gələcəyini hansı səviyyədə formalaşdırır?

Mövzu ilə bağlı sosial məsələlər üzrə mütəxəssis, sosioloq Lalə Mehralı "İnformator.az"a açıqlamasında bildirib ki, əsl yeniliklə, inkişafla, mental dəyərlərdən uzaq məsələləri bir-biri ilə qarışdırmaq olmaz:

“Bəzən adi olmayan halları yenilik kimi qəbul edirlər və cəmiyyətin haqlı olaraq etirazı baş qaldıranda “yeniliyə qarşı çıxan cəmiyyət”, “inkişafı qəbul etməyən cəmiyyət” kimi təqdim edirlər. Bu prosesdə yeniliklə normadan uzaq halları bir-biri ilə qarışdırmamaq lazımdır. Yenilik adı altında bəzən normal olmayan vəziyyətləri təbliğ edirlər, buna görə hər ikisini bir-birindən ayırmaq vacibdir. Bəzən geyim tərzi ilə, davranış forması ilə mental dəyərlərə zidd vəziyyətləri müşahidə edirik ki, bunu da bizə yenilik kimi qəbul etdirməyə çalışırlar”.

Ekspertin sözlərinə görə, cəmiyyətin inkişafında yenilənmə elə getməlidir ki, cəmiyyət öz əsas mənəvi dəyərlərini itirməsin:

"Hər bir cəmiyyətin var olması üçün daim yenilənməsi, tərəqqi etməsi vacibdir. Lakin cəmiyyətdə yenilənmə elə aparılmalıdır ki, cəmiyyət öz əsas, mənəvi dəyərlərini itirməsin. Məhz belə olduğu halda cəmiyyət öz tarixi kökünə, keçmişinə bağlı qala bilər, həm də həqiqi mənada yenilənərək müasir dünya ilə ayaqlaşa bilər”.

Əslində mentalitet nədir? Lalə Mehralı əlavə edib ki, hazırda gəncləri “mentalitet pis şeydir” deyə-deyə qorxudurlar:

"Onları öz kökündən, soyundan uzaqlaşdırırlar. Gənclər də mental dəyərlərə mənfi yanaşırlar. Ancaq əslində bilmirlər ki, mental dəyərlər nədir və bilmədən öz keçmişlərinə tənqidlə yanaşırlar. Çünki müəyyən dairələr mental dəyərləri pis, köhnə, yeniliklərdən uzaq və inkişafın qarşısında bir maneə kimi göstərməyə çalışıblar, xüsusilə gənclərə. Ancaq əslində bu qətiyyən belə deyil. Mentalitet bir milləti formalaşdıran dəyərlərdir. Bu dəyərlər bir gün aradan qalxarsa, milli dəyərlər itirilərsə və eyni zamanda yenilənmə baş verərsə, həmin millətdən öz kökünə bağlılıqla bağlı heç bir şey qalmaz. Ona görə də inteqrasiya, yəni yenilənmə, mental dəyərlərə maneə olmadan və onu qoruyaraq həyata keçirilməlidir”, - deyə o, fikirlərini yekunlaşdırb.

Mahmud Əskərli