“Ana olmaq hər qadının həyatında ən əvəzolunmaz arzu olmalıdır”-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 23:43 29.11.2024
Psixoloq Ülviyyə Murtuzova “informator.az”a açıqlamasında bildirib ki, analıq yalnız bioloji bir proses deyil, böyük məsuliyyət, öhdəlik və vəzifə borcudur:
“Dünyaya övlad gətirən hər qadın ana adını daşıya bilməz. O, sadəcə övlad dünyaya gətirən qadın ola bilər. Ana olmaq böyük məfhumdur və bu statusun ağırlığını dərk edən insanlar ana olmalıdırlar. Analıq təkcə sosial deyil, həm də psixoloji, bioloji və fizioloji problemləri də əhatə edir".
Ülviyyə Murtuzova həmçinin mental dəyərlərin analar üçün əhəmiyyətindən bəhs edib:
“Əgər analar mental dəyərləri əvvəldən özündə formalaşdırıbsa, heç bir çətinliklə üzləşməzlər. Təbii ki, ailə daxilində müəyyən anlaşılmazlıqlar və münaqişələr ola bilər. Amma bu, sivil qaydada həll edilməli, üzr istənilib bir-birini bağışlayaraq yola davam edilməlidir. Həyat yoldaşını düşünmədən, yalnız özünün övlad saxlamaq üçün yetərli gücə malik olduğunu dərk edən qadınlar daha az problemlə üzləşirlər. Əgər iş və ev öhdəliklərini balanslı şəkildə idarə edə biləcəyinə əminsə, analıq uğurlu olacaq. Çox təəssüf ki, bəzən ailə və cəmiyyət təzyiqi nəticəsində analıq məsuliyyətinə hazır olmayan qadınlar evliliyə məcbur edilir. Bu, gələcəkdə bir çox problemlərin əsasını qoyur”.
Asiya Zeynallı