Azərbaycanda kredit faizləri niyə yüksəkdir?-İqtisadçı AÇIQLAYIR
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:55 02.12.2024
"Azərbaycanın bank-maliyyə sektoru kifayət qədər liberallaşmış bank-maliyyə sektoru deyil. Eyni zamanda xarici bazarlarla inteqrasiya səviyyəsi də yüksək həddə olmadığı üçün aşağı faizli, az xərcli vəsaitləri cəlb etməkdə problemlər vardır və xarici maliyyə korporasiyaları bazarda dolğun təmsil olunmur. Buna görə də faizlər nisbətən yüksəkdir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Ekspert kredit götürmək üçün mövcud şərtlərin əhalinin əksəriyyəti üçün əlverişli olub-olmamasından da bəhs edib:
"Kredit şərtləri bazarda tələb, təklif və eyni zamanda maliyyə sektorundakı oyun qaydalarından asılı olaraq formalaşır. Azərbaycanda bank sektorunun mənfəət norması yüksəkdir və bu, kredit faizlərinin 15-25% aralığında formalaşmasına səbəb olur. Son dövrlərdə əmanətlərin cəlbi prosesində də faiz dərəcələrinin artması müşahidə edilib. Əmanət faizləri təxminən 12%-ə qədər yüksəlib ki, bu da bankların daha ucuz maliyyə vəsaitləri təqdim etməməsinə səbəb olur. Kredit olaraq burada onu da nəzərə almaq lazımdır ki, əhalinin vərdişlərinin də təsiri vardır. Azərbaycan vətəndaşları bank sektorunda yalnız normal, deyək ki, 10% ətrafında gəlir olduğu halda daha çox əmanət yerləşdirməyə meyillidirlər. Əmanətlərin faizi aşağı düşəndə insanlar burada digər riskləri nəzərə alaraq, onları daha çox passiv şəkildə evdə saxlamağa üstünlük verirlər. Ona görə də məcburən, bəzən bu əmanətlərin cəlb edilməsi prosesində yüksək faizə gedən banklar yüksək faizlə də kreditlər təklif edirlər".
Rəşad Həsənovun sözlərinə görə, kreditlərin təklif olunmasında yüksək faizi formalaşdıran digər ən mühüm arqumentlərdən biri də risk məsələsidir:
"Azərbaycanda gəlirlərin illeqal olması, qeyri-rəsmi iqtisadi fəaliyyətlərin həm əmək bazarında, həm sahibkarlıq fəaliyyətində geniş yayılması kimi məqamlar vardır və gəlirlərin rəsmi şəkildə sübut oluna bilməməsi halında, təbii ki, bu, artıq risk səviyyəsini yüksəldir. Risk səviyyəsinin artması isə modelin müştəriyə təklif edilən faiz dərəcəsini daha artıq müəyyən etməsinə gətirib çıxarır. Bu da digər mühüm faktorlardan biridir. Və xüsusilə də əhalinin alıcılıq gücünün zəif olması məsələn; 2024-cü il ərzində sosial paketlərin açıqlanmaması və s. səbəbdən bank kreditlərindən, xüsusilə də istehlak kreditlərindən tələbin artmasına və burada faizlərin yüksəlməsinə gətirib çıxaran amillərdən biri kimi çıxış edir. Yəni bu istiqamətdə faizlərin müəyyən edilməsi birbaşa olaraq hər hansı bir administrativ yolla deyil,(ancaq təbii ki, mərkəzi bankların bu istiqamətdə səlahiyyətləri vardır) yəni mərkəzi banklar monetar siyasətin çərçivələrini müəyyənləşdirərkən eyni zamanda iqtisadi aktivlik, məzənnə və inflyasiya faktorlarını nəzərə alaraq expansiv və yaxud da daraldıcı monetar siyasət həyata keçirirlər. Expansiv monetar siyasətə keçəndə bazarda pul kütləsinin artırılması hədəf olur və uçot dərəcəsini aşağı salaraq bazara daha çox pul daxil edib inteqrasiya etmək yolu ilə iqtisadi aktivliyi dəstəkləməyə çalışır mərkəzi banklar. Belə olduğu təqdirdə faizlər aşağı düşür. Ancaq nəzərə almaq lazımdır ki, xüsusən də 2020-ci il pandemiya sonrası və 2022-ci il Ukrayna-Rusiya konflikti sonrası yaranmış konjunkturada mərkəzi bank hələ sərt monetar tədbirini davam etdirir. Hazırda son iki ilin orta faiz dərəcəsi, mərkəzi bank uçot dərəcəsi təxminən 8% ətrafında olubdur. Bu da müəyyən mənada faizlərə öz təsirini göstərən amillərdən biri kimi çıxış edir".
İqtisadçı bildirib ki, hökumət bu alətdən istifadə etməklə müəyyən mənada bazarda faizlərin ucuzlaşmasına da gətirib çıxara bilər:
"Azərbaycan vətəndaşları və biznesi yüksək faizlə borclanır. Bu, təbii ki, borcun geri qaytarılması üçün müəyyən bir risk mənbəyini də formalaşdırır. 2015-ci ildə Azərbaycan bununla üzləşdi. Ancaq istənilən halda, indiki şərtlər daxilində daha aşağı faizlə vəsaitlərin cəlb edilməsi mümkün olmadıqca, iqtisadiyyatda risklər qaldıqca, gəlirlər tam olaraq leqal səviyyədə rəsmiləşdirilmədikcə və iqtisadi aktivlik zəif olduqca faizlərin çox da aşağı düşməsi ehtimalları gözlənilən deyil".
Fatimə Abdulrəhimli